Ana Səhifə /Məmmədov İsrafil Süleyman oğlu /

Post Title

İrəvan ellərinin İsrafil Məmmədov missiyası

Məmmədov İsrafil Süleyman oğlu

1990-cı ilin Qanlı yanvar gecəsi bütün Azərbaycan xalqını sarsıtdı, çoxsaylı həmvətənlərimizin həyatına son qoydu. Həmin gecə İsrafil Məmmədovun həyat yolunun ayrıcı oldu. Zəngəzurdan (Mehri rayonundan) başlayan ömür yolunun 50 ilə yaxın ictimai, siyasi, pedoqoji, jurnalist vı hökumət üzvü kimi fəaliyyətinin gərgin, keşməkeşli dövrü bitir, qarşıda qeyri-müəyyən, nigaran, doğma yurduna dönə bilməyəcək əzabına qatlaşma, nisgilli həsrət yolu başlayırdı. Yəqin ki həmin gecə İrəvan şəhərindən Bakıya sonuncu azərbaycanlı ailəsi köç edirdi.

Həyatının 38 ilini yaşadığı İrəvan şəhəri artıq Azərbaycan türkü üçün itirilmiş yurdlar sırasına keçirdi. Vaxtıilə Rusiyanın ali çinli məmurları öz məqsədləri üçün "ermənisiz Ermənistan" qurmaq istəyirdi, çünki həmin torpaqlarda erməni əhali amilinə çevriləcək nüfuzda deyildi. XX yüzilin sonunda ermənilər "Türksüz Ermənistan" şüarı ilə irəlilədikləri planı gerçəkləşdirə bildilər. Bu prosesin içində, təcavüzkarlar dövlətin siyasi mətbəxində, kin-nifrət dolu mühitin ortasında olmağın bir türk-azərbaycanl üçün aqibəti və sonucu anlaşılandır. O günə qədər İsrafil Məmmədov döğma yurdunda, amma artıq erməni mühitində Azərbaycan varlığını yaşadırdısa, həmin gecədən sonra Bakıda İrəvan ellərinin tarixini yaşadırdı. Hər iki missiyanın öz ağır yükü vardı. Birincidə təzyiq, təqib, təhdid var idisə, ikincidə öz həmvətənlərinə 70 il inzibati-siyasi hüdudlar arxasında qalan Vətən parçasının insanlarının onlarla soydaşlıq eyniyyətini anlamaq dərdi vardı. Yadlaşdırılmış Vətəni Azərbaycan ünvanında dünyaya tanıtmaq missiyası məhz İsrafil Məmmədovun daşıyacağı yük idi. İkinci missiyada, daha dəqiqi, İsrafil Məmmədovun Bakıdakı fəaliyyətində şərəfli bir stimul olmuşdur. Artıq Azərbaycan müstəqil dövlət idi və onun vətəndaşı olmaq qisməti, həm də məsuliyyəti hər bir ziyalıya öhdəlik qoyurdu. İsrafil Məmmədov öz öhdəliyini bir neçə istiamətdə reallaşdırdı: Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində "Erməni redaksiyası"nın müdiri, siyasi icmalçı, AMEA-da elmi fəaliyyət, AMEA A.A.Bakıxanov adına Tarix institutunda azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsinin müdiri vəzifəsi İsrafil Məmmədovun sonuncu rəsmi vəzifəsi oldu. Rəsmi olmayan vəzifələrini isə İsrafil müəllim özü müəyyənləşdirir və onların həyata keçməsi üçün tələsirdi. Qorxurdu ki, ömrü hamısına yetməyə. İrəvan torpaqlarında azərbaycanlılara qarşı ermənilərin yeritdiyi siyasəti, törətdiyi əməlləri sənədlər əsasında geniş ictimaiyyətə çatdıran İsrafil Məmmədovun 20-dən çox monoqrafiyası tarixi gerçəklərinin işıqlandırılması və müasir siyasətimizdə, diplomatiyamızda istifadə olunması baxımında olduqca əhəmiyyətlidir. 2018-ci ildə "İrəvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir" adlı kitabının I cildinin təqdimatında iştirak etdik. Kitabının II cildinin və digər yazılarının nəşrinin gerçəkləşməsi mühümdür. İtirdiyimiz yurd yerlərinə, o cümlədən qədim torpaqlarımız olan İrəvan ellərinə iddia edə bilməsək də, tarixinə sahib çıxmaq haqqını əlimizdən verməməliyik. Yurdlarımızın tarixi ümumvətən tariximizdir. İsrafil Məmmədov tariximizi unudulmağa qoymayan ziyalımız idi. Yazdıqlarından daha çox şifahi tarixi özündə daşıyırdı. Yetırincə faydalandıqmı deyə bilmərəm. İsrafil müəllimin kitabında yer alan "Tarixin hər an dinlənilməli olan dərsləri var" başlığı da günümüz üçün daha ciddi çağırışdır. “Dərslərini dinləməyən, tarix dərslərindən kəsirli olan xalqın başı daim qovqalarda, aqibəti də sual altında olacaq. Bu məhkumluqdan qurtuluşun yolu tariximizi düzgün araşdırmaq, mənimsəmək, faydalanmaqdır ki, nəticədə tarixi yurdlarımıza sahib ola bilək. Yoxsa acizl ik girdabında əcnəbi publisistlərin insaflılıq ianəsinə göz dikərək sürünəcəyik.

1990-cı il 20 yanvar gecəsində İrəvanı tərk etmək məcburiyyətində qalmış İsrafil müəllim 2019-cu ilin iyunun 25-də fiziki ömrünü başa vurdu. Xəstə halında belə gecə-gündüz çalışırdı, nikbin ovqatını qorumağa səy etdi. Mübarizlik əzmi ilə özündən sonraya zəngin irs qoydu. 60 ildən artıq ədəbi yaradıcılığı zəngin bir sərvətdir. 2018-ci ildə “İrəvan Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir” adlı kitabı sağlığında şap olunuş sonuncu kitabı olsada, bu hələ son deyil. Onun nəşrə hazır kitabları və ən ümdəsi, zəngin arxivi vardır. Qanlı Yanvar gecəsi tərki-Vətən olanda canından artıq dəyərləndiriyi sənəd və materialları qoruyub saxlaya bildi. İrəvanda Azərbaycan mətbuatının nadir nümunələrini özü ilə gətirdi. Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, folklorunun, etnoqrafiyasının İrəvan salnaməsini yarada biləcək külliyatı İsrafil Məmmədov göz bəbəyi kimi qorumuşdur. Bu külliyatın özəlliyi onun bir daha əldə edə bilmək ehtimallarının olmasındadır. İtirdiyimiz tarixi yurdlarda indi də azərbaycanlılar yaşadığı halda , İrəvan elləri bir istisnadır. Bu torpaqlarda türkün-azərbaycanlıların izi silinibdir. Buna görə də İsrafil müəllimin kitablarının və arxivinin dəyəri misilsizdir. İsrafil Məmmədov nəşr olunmuş və olunacaq kitablarında yaşayır. Çəkildiyi sənədli filmlərdə, radio və televiziya verilişlərində yaşayır. Vəfatından sonra yaşanan ömür isə hədər keçməmiş həyat, zəhmət və şərəf nümunəsidir. Deməli, İsrafil Məmmədov öz missiyasını, ziyalı-vətəndaş öhdəliyini layiqincə yerinə yetiribdir. Amma İsrafil müəllimin arxivi sistemləşdirilib AMEA Tarix İnstitunun elmi arxivinə verilməlidir. Arxivin "İsrafil Məmmədov fondu" kimi rəsmiləşdirilməsi və silsilə arxiv nəşrlərinin bu fond adı ilə gerçəkləşməsi Vətən tarixi üçün nə qədər önəmlidirsə, bir o qədər də İsrafil Məmmədov şəxsiyyətinin xatirəsinə ucaldılmış möhtəşəm abidə sayıla bilər.

Firdovsiyyə ƏHMƏDOVA

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasının müdiri, əməkdar müəllim