Ana Səhifə / Nəsillər, tayfalar

Mollahəsənli tayfası

Hörmətli Ellilərimiz!

İrəvan xanlığının ən böyük mahallarından biri olan Qərbi Azərbaycanın Göyçə Mahalının Cil kəndinin əhalisi tarixi lap qədimlərə söykənən bir neçə tayfalardan ibarət olmuşdur. Bu tayfaların nümayəndələri təkcə Cil kəndində deyil, Göyçənin bir çox kəndlərində yaşamışlar. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticəsində isə dünyanın bir çox bölgələrinə səpələnmişlər.

Belə qədim tayflardan biri də Mollahəsənli tayfasıdır. Mollahəsənli tayfası Qarapapaqlar tayfasının qolu olan Bosçalı tayfası qrupuna aid olub Göyçə mahalının Cil, Ağbulaq, Ardanış və s. kəndlərinə təxminən 1816-cı illərdə Cənubi Azərbaycanın Sulduz mahalından köç etmişlər. Nəslin adı götürülmüş Molla Həsən təxminən 1700-ci illərin əvvəllərində dünyaya gəlmişdir.

Bu yaxınlarda Nazir Əhmədlinin "Göyçə mahalının kameral təsviri" kitabı işıq üzü gördükdən sonra belə qərara gəldim ki, Mollahəsənli tayfasının şəcərə sxemini tərtib edim. Qeyd edim ki, kitaba daxil edilən Qərbi Azərbaycanın Göyçə Mahalında 1831-ci və 1842-ci illərdə çar məmurları A.Rıjkov və A.Korallov tərəfindən tərtib edilmiş kameral təsvirlərdə əhalinin adbaad siyahısı, yaşı, milli tərkibi, sayı ilə yanaşı, mahalın təbii ehtiyatları, heyvanat və bitki aləmi, dağları, çayları, gölləri, yolları, əhalinin məşğuliyyəti, vergilər və s. ətraflı şəkildə təsvir edilmişdir.

Xeyli araşdırmaların nəticəsində sizlərə təqdim edəcəyim şəcərə sxemlərində bəzi məlumatlar dəqiq olmaya bilər. Buna görə də hər hansı yanlışlıq aşkar etsəniz 055 512 05 45 telefon nömrəsi ilə əlaqə yaratmağınızı və ya elshan_abbasov@mail.ru e-mailinə yazmağınızı xahiş edirəm. Əziz həmvətənlər siz də mənsub olduğunuz tayfaların haqqında geniş şəkildə məlumat toplayaraq bizə təqdim edərsinizsə, məlumatlar cilliler.com saytında dərc olunacaq.

Hörmətlə: Məhəmməd Əli oğlu Tanırverdiyev.