Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /Adıgözəlov Şaiq

Post Title

Adıgözəlov Şaiq Əli oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin sektor müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Həyatı və fəaliyyəti

Adıgözəlov Şaiq Əli oğlu 28 noyabr 1977-ci ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kəndində anadan olub. 1988-ci ilədək Cil kənd orta məktəbində təhsil alıb.

1988-ci ilin sonlarında Ermənistan hakimiyyəti tərəfindən başlanılmış Qərbi azərbaycanlıların deportasiyası nəticəsində ailəsi ilə Bakı şəhərinə köçüb. 1995-ci ildə Bakı şəhəri, Xətai rayonundakı 63 saylı orta məktəbi əla qiymətlərlə bitirib. 1995-1999-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavr, 1999-2001-ci illərdə isə magistr pilləsində təhsil alıb.

2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əyani aspiranturasına daxil olub və 2005-ci ildə həmin İnstitutda iqtisadiyyat üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. Ali Attestasiya Komissiyasının 4 aprel 2006-cı il tarixli qərarı ilə iqtisadiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2010-2011-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbright Proqramı ilə ABŞ-ın Boston Universitetinin İqtisadiyyat bölməsində postdoktorantura üzrə təhsilini davam etdirib.

2023-cü ildə ABŞ-ın Harvard Universitetinin C.Kennedi Məkətbində təhsil alıb. Əmək fəaliyyətinə 2003-cü ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlayıb.

2004-2005-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda elmi işçi, sonra isə aparıcı elmi işçi vəzifələrində çalışıb.

2005-2020-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb, kiçik iqtisadçıdan Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinədək yüksəlib.

2017-2019-cu illərdə Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasında işçi qrupuna rəhbərlik edib.

2020-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsində sektor müdiri vəzifəsində çalışır. Dövlət qulluğunun müşaviri ixtisas dərcəsi vardır.

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib.

Xarici və milli elmi və publisistik nəşrlərdə dərc edilmiş 40-dan çox məqalənin müəllifidir, bir çox beynəlxalq elmi konfrans və tədbirlərdə çıxış edib.

Azərbaycan, ingilis, rus və türk dillərini mükəmməl bilir.

Ailəlidir, 2 övladı var.