Ana Səhifə /Şəhidlər /Qarabağ uğrunda /Cəlilov Rövşən

Post Title

Cəlilov Rövşən Məmməd oğlu.

TAY-TUŞLARI ARASINDA SEÇİLİRDİ

Xalqımızın qəlbində əbədiyyət qazanan Rövşən kimi şəhidlərimiz qan yaddaşımızı yaşadanlardır.Əslən Cildən olan Rövşənin qısa, mənalı həyat yolu bir neçə cümləyə sığışsa da bu günümüz üçün də, sabahımız üçün də ibrətdir.

Rövşən Məmməd oğlu Cəlilov 1974-cü il fevralın 22-də Abşeron rayonunun Saray qəsəbəsində göz açıb.Orta təhsilini Saray qəsəbəsində alıb.Bakı şəhərində 81 saylı Orta Texniki Peşə Məktəbində elektrik mantyoru ixtisasına yiyələnmişdir.Rövşən 1993-cü il martın 29-da cəbhəyə yola düşdü.Barıt qoxulu günləri beləcə başladı.Rövşən top nişançısı kimi çətin bir hərbi peşənin öyrənilməsini qısa bir müddətdə məharətlə başa vurdu və Füzuli şəhərinin ətrafındakı strateji əhəmiyyət kəsb edən Üryantəpə yüksəkliyindəki döyüşdə nəyə yiyələndiyini sübut etdi.Komandirinin dediyinə görə, o, düşmən ordusunun 1 əlaqə maşınını vuraraq 7 əsgərini məhv elədi.Sonrakı döyüşlərdə də sərrast topçu kimi ad çıxardı.Rövşənin qəhrəmanlığının xüsusi tarixçəsi var.

O, "Belarus”a qoşulmuş ot yüklü yedəyi vurması ilə məharətli döyüşçü olmasını təsdiq etdi.Sən demə "Qrad” mərmisi yüklənmiş yedəyin ağır tərpənişi Rövşənin diqqətini cəlb edibmiş.

Azğın düşmən Füzulini işğal edəndən sonra Rövşəni digər qaynar döyüş bölgəsinə, Ağdama göndərdilər.O gün iyunun 3-ü idi.O qısa müddətdə neçə-neçə ağır döyüşdə iştirak edib, şücaət göstərdi.İyunun 21-i isə onun son döyüş günü oldu.Döyüş yoldaşlarından birinin dediyinə görə, Rğvşən mövqedə durarkən qəflətən bir tank düz onun üstünə gəlmiş, gözlənilməz pulemyot atəşi ondan yan keçməmişdi.

Həyatın hər cür sərt üzünü, məhrumiyyətlərini görmüş Rövşənin atası Məmməd əmi deyir:Rövşən hələ uşaqlıqdan cəldliyi, fərasəti ilə tay-tuşlarından seçilirdi.İdman onun sevimlisi idi.Qaynar təbiəti var idi.Heç vaxt bir yerdə qərar tutmazdı.Sumqayıtda dzyü-do idman məktəbində məşq edirdi.Sanki gələcək döyüşlər üçün bərkiyir, mətinləşirdi.Bir dəfə sol ayağı bərk yansa da bu haqda evdə heç kəsə heç nə deməmiş, gizlətməyə çalışmışdı.

İndi Saray kənd qəbirstanlığında əbədi yuxuya getmiş Rövşənin ruhu bizi yağı əlində əsir olmuş Vətən torpaqlarını azad etməyə, intiqama, qisas gününə haraylayır.

Bu gün namus günü, mürvət günüdü,
Qalxın, igidlərim, qeyrət günüdü.
Ölüm-dirim günü, cürət günüdü,
Şəhidlər qanını yerdə qoymayın!
Qurtarın vətəni, darda qoymayın!

Məqalə Fərzalı Rüstəmli tərəfindən yazılmışdır.