Ana Səhifə /Məqalə /GÜNEYLİ YUSİF-GÜNƏŞLİ AZƏRBAYCANIN DUMANLI GƏLƏCƏYİ /

GÜNEYLİ YUSİF-GÜNƏŞLİ AZƏRBAYCANIN DUMANLI GƏLƏCƏYİ

XXI əsrin başlanması ilə əlaqədar bəşər sivilizasiyası yeni bir dövrə qədəm qoyur. Artıq, “Karbohidrogen dövrü” (neft, təbii qaz, daş kömür və s.) başa çatmaq üzrədir.

Karbohidrogen dövrünün başlanması ilə bəşəriyyət qısa bir zaman kəsiyində ( bir neçə yüz il) sürətli bir inkişaf mərhələsi keçdi. Elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə etməklə, sürətli urbanizasiya prosesləri nəticəsində planetin əhalisinin böyük hissəsi şəhərlərdə cəmləşdi. Əhalisi 20 milyonu belə ötüb keçən böyük şəhər aqlomerasiyaları yarandı və bir neçə əsr içində planetin əhalisi 5-10 dəfə artdı. 7 milyard əhalini mexanizmlərin köməyi olmadan ərzaqla təchiz etmək olduqca çətin bir prosesdir. Lakin, demək olar ki, bu mexanizmlərin əksəriyyətində daxili yanma mühərrikləridir və onlarda yanacaq kimi karbohidrogenlərdən istifadə olunur (az bir hissə təşkil edən müəyyən enerji və yanacaq növlərini çıxmaq şərtilə).

Bəşər sivilizasiyası öz inkişafında qorxunc bir mərhələyə gəlib çatmışdır. Bu mərhələni yalnız böyük buzlaşma dövrü ilə müqayisə etmək mümkündür.

Dünya iqtisadiyyatı sürətlə tənəzzülə doğru gedir. İqtisadiyyatın çöküşü ilə pararlel olaraq şəhərlər sürətlə boşalmağa başlayacaq və şəhərləri tərk edən insan kütləsi xaotik olaraq planetin nisbətən isti qurşaqlarına doğru axacaq; bu isə idarəolunması olduqca çətin olan xaotik bir prosesə çevriləcək. Bu proseslərdən olduqca mütəşəkkil idarəolunan və inkişafın daha yüksək mərhələsində olan toplumlar salamat çıxa biləcəklər. Qeyri-toplumlar isə, ola bilsin, qara fiziki işləri görmək üçün istifadə olunacaqlar.

Hələ ki, karbohidrogenləri əvəz edə biləcək elə bir enerji növü tapılmamışdır. Dünyanın hər yerində yanacaq uğrunda mübarizələr kəskinləşməkdədir. Müəyyən böhran həddini keçdikdən sonra isə artıq ölüm-dirim savaşları başlayacaq.

Gəlin, planetimizdə cərəyan edən bu qlobal dəyişmələr fonunda öz vətənimizə - Azərbaycana nəzər salaq. Onun bu günki durumu və gələcəyi ilə bağlı biraz xəyala varaq... Bu günü başa düşmək üçün biraz, nəzəri də olsa, tariximizə qısa ekskurs edək.

Bizim eramız ərzində keçən tarixə nəzər saldıqda, biz solğun bir mənzərənin şahidi oluruq. Tarix səhnəsində biz epizodik ( qısa bir zaman kəsiyində - 10, 15, 20... il ) olaraq xanlıqlar, bəyliklər, cümhuriyyətlər və s. şəklində görünüb, sonra başqa xalqların, dövlətlərin və imperiyaların içərisində itib – batmışıq. Uzun bir zaman kəsiyində İran-fars dövlətlərinin, imperiyalarının tərkibində çoxluq təşkil etməmizə baxmayaraq, biz bu dövlət içərisində həlledici söz sahibi olmamışıq, hətta şahların belə azəri türkü olmasına baxmayaraq.

Heç zaman azəri türkcəsini dövlət dili səviyyəsinə qaldırıb bu dildən başqa xalqlarda ( ispanlar, farslar, almanlar, ruslar ) olduğu kimi yazılı ədəbiyyatımızda dövlət strukturlarında, tarixi abidələrin üzərindəki yazılarda, texniki ədəbiyyatda və s. istifadə olunmamışdır. Bu dildən, əsasən, məişət səviyyəsində istifadə olunmuşdur. Bu dilə həmişə ikinci növ dil kimi baxılmışdır.

Millətin formalaşmasında dil ən birinci amildir. Öz dilinə həqarətlə baxan və həqarətlə baxıldıqda buna dözən millətlər yarımçıq millətlərdir, demək olar onlar hələ millət səviyyəsinə qalxmamışlar.

Təşəkkül tapmış bütün böyük millətlərin hamısında bir milli eqozim – milli mənlik hissi olur. Bu farslarda da, almanlarda da, ruslarda da, yaponlarda da belədir. Ruslara fikir verək. Onların hamısında bir milli eqoizm duyğusu vardır. Onlar hər şeyi özlərinki hesab edirlər. Russkaya zima, russkaya Volqa, russkiy sever, russkaya beryoza, russkaya arktika, russkiy Sibir və s...

Bədnam qonşularımıza fikir verək. Ermənistanda yazılı ədəbiyyat VII əsrdən başlamışdır. 1300 ildən çox bir zaman içərisində onlar bu yazı ilə yalan-palan nə varsa hamısını yazıb gələcək nəsillərə ötürmüşlər. Tarixin müxtəlif zaman kəsikləri arasında əlaqə kəsilməmişdir.

Biz isə dünya səviyyəsinə qalxan dahi klassiklərimizin ( N.Gəncəvi, M.Füzuli və s.) əsərlərini fars, ərəb və s. dillərdən öz dilimizə tərcümə edirik. Əcəba, onlar öz vətənlərini sevməmişlərmi?! Təbii ki sevmişlər, lakin onların tarixdə qalmaları üçün başqa çıxış yolları olmamışdır. Onlar o zaman üçün mövcud olan və oxunan yazılı ədəbiyyatlardan və dillərdən istifadə etmişlər.

Bir-birini əvəz edən imperiyalar, dövlət quruluşları içərisində öz mövcudluğunu qorumağa çalışan xalq daim yeni gələn hegemon xalqların, millətlərin təhdidi və onlara yarınmağa çalışan yerli mənsəbpərəstlərin sayəsində aramsız olaraq öz milli kimliklərini ( Zaqafqaziya tatarları, Zaqafqaziyanın müsəlman əhalisi – türk, azərbaycanlı, azəri ) əlifbalarını təftişlə məşğul olmuşlar. Bu minvalla tarixin müxtəlif zaman kəsiklərində formalaşan və ya formalaşmaqda olan milli özünüdərk, xarakterik adət-ənənələr, mədəniyyət formaları, düşüncə tərzləri arasındakı tarixi bağlılıq qırılmışdır. Biz eyni dildə danışsaq da, lakin bir-birimizi çox çətin başa düşürük. Bir bölgənin adamı digərləri üçün anlaşılmazdır.

Tarix millətə bir dəfə ad verir və həmin millət bu adı bütün mövcud olduğu sürədə daşıyır. Millətlərin adında heç bir çəkilçi olmur. Məsələn: rus, alman, bolqar, çuvaş, ispan və s. Yer üzərində elə bir millət yoxdur ki, onun adı –lı,-li,-lu,-lü şəkilçiləri ilə qurtarsın. Kim ruslu, ermənili, almanlı, gürcülü, özbəkli millətinə rast gəlib?! Belə şey ola bilməz, nonsensdir.

Bu millətə azərbaycanlı adını kim verib? Azərbaycan sözü coğrafi ərazinin adıdır, millətin deyil. Ötən əsrin əvvəlinə kimi bu millətin adı türk olmuşdur. Birdən birə 50-60 il içərisində yeni millət formalaşmamışdır ki?!

Mərhum rus şairi S.Yeseninin 1925-ci ildə yazdığı “Əlvida Bakı” şerindən bir parçanı olduğu kimi verirəm.

Proşay, Baku! Sın tyurkskaya, proşay!

Xladeet krov, oslabevayut silı.

No donesu, kak şçastiye do moqilı.

İ volnı Kaspiya, i Balaxanskiy may.

Millətə adı siyasətçilər deyil tarix verir. Tarix bizə məhz, türk adını vermişdir və bütün qonşu xalqlar bizi türk kimi tanıyırlar. Azərbaycan torpaqlarında yaşayan bütün xalqların nümayəndələri çox böyük qürur hissi ilə öz adlarını tələffüz edirlər: talış, kürd, ləzgi, rus, avar və s. Bunu onlara heç kim irad tutmur və bu onlara heç bir problem yaratmır. Öz xalqı ilə fəxr etmək hər bir insanın müstəsna hüququdur. Təkcə türk sözü yasaq edilmişdir, guya bu sözün işlənməsi başqa xalqlara problem yaradacaq. Problem isə xalqlarda deyil, onları idarə edən məkrli siyasətçilərin təfəkkürlərindədir.

Millət öz adını bilməlidir. Adsız millət olmur. Adsız millət qarmaqarışıq bir kütlədir və bu kütlə özünü müdafiə etmək iqtidarında deyildir. Onu mütləq başqaları idarə edəcək. Ona görə də, Azərbaycan bir əsarətdən qurtulmamış, digər əsarətin altına düşür.

Zaman çox rəhmsizdir. Bu cür laqeydliyi, şərəfsizliyi, bir-birimizə biganəliyi, yalnız öz qarnımızı güdməyimizi tarix bizə bağışlamayacaqdır. Biz yadellilərin tapdağı altında itib-batacağıq.

Bizim torpaqlarımızın gələcəkdə həyat üçün yararlı ola biləcək böyük hissəsi işğal altındadır, digər hissələrində isə həyat bərbad haldadır. Əhalinin böyük hissəsi, gələcəkdə həyat üçün o qədər də yararlı olmayacaq, Abşeron yarımadasında cəmləşib. İqtisadiyyatımızın (əgər bunu əsl iqtisadiyyat adlandırmaq mümkündürsə) əsas hissəsi də Abşeron yarımadasında cəmləşib.

Neft və qazın tükənməsilə Abşeron yarımadası ölü bir zonaya çevriləcək, Bakı və ətrafı, demək olar ki, tamamilə boşalacaqdır.

Abşeron yarımadasına yatırılan bu qədər böyük sərmayənin gələcək üçün elə bir perspektivi yoxdur. Bu vəsaitin çox hissəsi bölgələrə yatırılsa daha səmərəli olardı.

Müasir dünyamıza nəzər saldıqda müxtəlif millətlərin və dövlətlərin fərqli inkişaf mərhələsində olduğu aydınca görünür. Onların inkişafına bu və ya başqa dərəcədə təsir göstərə bilən çoxlu sayda obyektiv, subyektiv səbəblər olmasına rəğmən , inkişafın əsasında olduqca rasional faktorlar dayanır.

VII əsrdən başalayaraq islam dininin təşəkkül tapıb yayılması ilə islam dininə inanc gətirən xalqların həyatında və mədəniyyətlərində böyük bir intibah dövrü yaşandı. Yüksəliş dövrü təxminən XIII-XIV əsrlərə qədər davam etdi. XV əsrdən başlayaraq islam mədəniyyətləri bu günlərimizə qədər davam edən böyük depressiya zolağına girdi. Bir müddət olduqca proqressiv təsir göstərən islam təlimi müəyyən mərhələdən sonra, artıq, tormozlayıcı təsir göstərməyə başladı. Bu halərta əsrlərin xristian mədəniyyətləri üçün də xarakterikdir. Xristian mədəniyyətləri özlərini toparlayaraq təxminən XVI-XVII əsrlərdən başlayaraq bu uğursuzluq zolağından, müvəqqəti də olsa, çıxa bildilər.

Yaponiya bu günkü inkişafına görə, dzen-buddizm və buddizm təlimlərindən qaynaqlanan, olduqca rasional ideyalara borcludur. Yapon milli ideologiyasının əsasında dzen-buddizm və buddizm təlimləri dayanır.

II Dünya müharibəsindən sonrakı illərdə (1945-1955) yapon cəmiyyəti və iqtisadiyyatı böyük depressiya içərisində idi. Müharibə biabırçılıqla uduzulmuş, ölkə iqtisadiyyatı çökmüş, milyonlarla insan həlak olmuş, evsiz-eşiksiz qalmış, Xerosima və Naqasaki atom bombardmanına məruz qalmışdılar (sanki bütün Yaponiya zülmətə qərq olmuşdu).

Bütütn bunları görüb yaşayaraq mərhum yapon yazıçısı Nasumo Soseki bir hekayələr kitabı yazmışdır. O kitabda kiçik bir hekayə vardır ( “Közərən işıqlar” ). Orada Soseki zülmətə qərq olmuş vətənin acı taleyi haqqında düşünür və çıxış yolları arayır ( Əcəba, Yaponiyanı – onun zülmətə qərq olmuş vətənini bu vəziyyətdən kim, nə və necə çıxara bilər? ). O bu qaranlıq tunelin sonunda közərən bir işıq görür və işıq ona ümid verir. Bu közərən işıq yapon xalqının zəhmətsevərliyi, elmə-təhsilə böyük marağı və yaponların dürüstlüyüdür. O inanır ki, bu keyfiyyətlər mütləq yapon xalqını işıqlı gələcəyə aparacaq. Bu belə də olur. Qısa bir zaman kəsiyində Yaponiya dünyada texnoloji cəhətdən inkişaf etmiş ikinci ölkə olur.

Əcəba, bəs bizim xalqımızı bu gerilikdən, cəhalətdən, mənəvi aşınmadan nə çıxara bilər?!

Əcəba, bizim inkişafımıza mane olan başlıca amillər hansılardır?!

Niyə biz yüz illərdir yorulmadan, bezikmədən eyni mahnılara, eyni cəfəngiyyatlara qulaq asırıq?!

Niyə bizim gənclərimizin bu dünyaya, bu həyata deyə biləcəkləri yeni sözləri, nəğmələri yoxdur?!

Nədən gənclərimiz o qədər də şərəfli bir həyat yolu keçməyən bəzilərini təqlid etməklə məşğuldurlar?!

Suallar olduqca çoxdur.

Gəlin, yüz illərlə formalaşmış doqmaları, anlayışları, streotipləri, ətaləti bir kənara qoyub, yeni əsrin tələblərinə cavab verə biləcək çıxış yolları arayaq.

Məncə, bizim ən böyük bəlamız qeyri-rasional (irrasional) düşüncə tərzimizdədir. Bu qeyri-rasionallıq bizim təfəkkürümüzü yanlış istiqamətlərə yönəldir və biz əsl həqiqətin, yaxşı-pisin, əyri-düzün nə olduğunu yaxşı təyin edə bilmirk. Mücərrəd anlayışlarla, doqmalarla oturub-duru və öz həyatımızı qururuq. Məsələn, bir neçə misal çəkirəm:

Misal 1

Birisi (M kişi) həyətində 50-60 min manatlıq xərc çəkib, hər cür təmtəraqla, hovuz düzəltdirir, lakin, heç kim bu hovuzda çimməyir. Nədən?! Çünki onun mental düşüncə tərzi buna imkan vermir. O, hovuzu da yalnız başqalarının yanında öz nüfuzunu, əhəmiyyətlilik dərəcəsini nümayiş etdirmək üçün inşa etdirmişdir. Öz eqosunu nümayiş etdirmək üçün bu qədər xərcə nə ehtiyac var idi?

Misal 2

Məmmədə deyirlər ki, sənin bacın Gülnazı filankəsin oğlu Həsən sevir. Sizcə Məmmədin reaksiyası necə olur?!

Məmmədin cavabı təxminən belə olur: - o nə köpəkoğludur ki, mənim bacımı istəyir. Mən onu belə, belə...

Beləliklə Məmməd Həsənə kinlə baxmağa başlayır. Buradan belə nəticə çıxır ki, Məmmədin Həsənə rəğbətlə baxması üçün Həsən Gülnaza nifrət etməli imiş.

Rasional düşüncə tərzinə görə isə belə olmur. Rasional düşüncə tərzinə görə Məmməd onun bacısını sevdiyinə görə Həsənə rəğbətlə yanaşmalıdır.

Dialektikanın öz inkişaf qanunları var. Bu qanunlara görə həyat daim yeniləşməyə, inkişafa meylli olmalıdır. Oğul ataya nisbətən bir addım irəli getməlidir. Əgər bu baş vermirsə, deməli inkişaf dayanmışdır.

Müasir Azərbaycan cəmiyyəti, nisbi də olsa, kastalara bölünmüşdür. Kastalara bölünmə cəmiyyətin müxtəlif təbəqələri arasında bir izolyasiya təbəqəsi yaratmışdır. İzolyasiya təbəqəsi cəmiyyətin müxtəlif təbəqələri arasında gedən diffuziya proseslərini ləngidir. Müqayisə üçün deyək ki, əksər hallarda bir polisdin qızını başqa bir polis öz oğluna alır; tacirin qızı öz əhatəsində olan başqa bir tacirin oğluna ərə gedir; məmurun qızı başqa bir məmur oğluna ərə gedir; rüşvətxor oğlu başqa bir rüşvətxor qızı alır və s.

Beləliklə, bütün mənfi və müsbət adət-ənənələr, enerjilər bu təbəqənin öz daxilində akkumlyasiya olunur (bu təbəqələrə yeni enerji, yeni fikir axınlarının qarşısı alınır və təcrid vəziyyətində tormozlanır).

Bioaləmdə inkişaf təbii seçmə nəticəsində baş verir. Vəhşi təbiətdə dişi fərdlər daha güclü və dözümlü erkək fərdlərlə cütləşirlər ki, onların gələcək nəsilləri daha dözümlü olsun. Bu qanunlar insan aləmi üçün də keçərlidir.

Bizdə isə öz possionarlığını saxlamış oğlanlara qız vermək istəmirlər ki, birdən “nə isə” olar... Qızlarına elçi gəldikdə oğlanın fağır olub-olmadığı ilə xüsusi maraqlanırlar. “Heç kəsin toyuğuna daş atmayıb” ibarəsi ən yaxşı tərifdir.

Millətin simasını isə fağırlar deyil, öz passionarlığını saxlamış fərdlər formalaşdırmalıdırlar. Məhz belə fərdlərin sayəsində millət ayaqda qala bilər. Belə fərdləri başqalarının təsiri ilə içərimizdən sıxışdırıb çıxarmaq yox, onların sayının daha da artmasına çalışmaq lazımdır.

Get-gedə cılızlaşan, tədricən öz passionarlığını itirən bu toplum gələcəkdə özünü müdafiə etmək iqtidarında olmayacaqdır. Millətə bu qədər “alverçi”, “siyasətçi”, “müğənni” deyil, müəllimlər, alimlər, mühəndislər, iqtisadiyyat üzrə mütəxəssislər, sərkərdələr və s. lazımdır.

Dünya iqtisadiyyatını dəyişib-yönəldən mühəndis əməyinə Azərbaycanda demək olar ki, tələbat yoxdur. Mühəndis sözü çoxlarında ironik gülüş doğurur. Ancaq, inkişaf etmiş ölkələrin əksəriyyətində mühəndis əməyi çox yüksək qiymətləndirilir və bu ölkələr öz inkişaflarına görə məhz mühəndis əməyinə çox borcludurlar.

Əcəba, bzizm ölkəmizin, millətimizin bu qədər yanlış yollarla getməyinin arxasında nələr dayanır?! Niyə biz eyni vaxtda, eyni bir parçalanmış imperiya daxilindən qopmamıza rəğmən, estonlar, latışlar, litvalılar kimi deyil, məhz başqa yollarla gedirik? Niyə bizdə Brazauskas kimi dövlət başçıları və onun nazirləri kimi nazirlərimiz olmur?

Ona görə ki, biz fərqli mədəniyyətlərin övladlarıyıq və fərqli düşüncə tərzlərinə malikik. Ölkələrimizin insanları öz inkişaf səviyyələrinə görə evolyusiyanın fərqli inkişaf mərhələlərində yerləşirlər. Onlar bizə nəzərən daha sosial və anlaşıqlı rasional düşüncə tərzinə malikdirlər. Onlarda milli məfkurə bizdən daha üstündür və onlarda aydın vətəndaş mövqeyi formalaşmışdır. Ona görə də, onlar biri-birilərinə “kliyent” kimi deyil, birinci növbədə vətəndaş kimi baxırlar.

Hər bir ölkənin və millətin milli ideologiyası olmalıdır. Bu ideologiyanın əsasında isə öz ölkəsini, vətənini daha inkişaf etmiş, daha firavan, daha gözəl görmək arzusundan başqa bir şey dayanmır. İndiki durumda isə bizdə bunlar o qədər də inandırıcı görünmür.

Tarixən torpaqlarımıza səpilmiş anarxizm və dərəbəylik toxumları öz bəgrəsini verməkdədir. Millətin isə bu viruslar qarşısında immuniteti olduqca zəifdir. Zaman isə gözləmir, axıb gedir, kütlənin şüurunda isə elə bir ciddi dəyişiklik baş vermir. Necə deyərlər: “Köhnə hamam, köhnə tas”. Yenə saxta müəllimlər, saxta alimlər, saxta diplomlar, saxta generallar, saxta qəhrəmanlar, saxta həkimlər, saxta dərmanlar, saxta ərzaqlar, saxta salamlar və s. və saxtakarlıq içərisində çürüyən nakam insan taleləri...

Bu qədər gözəl torpaqlarda yaşamamıza rəğmən, nədən biz beləyik?! Niyə bir-birimizə qarşı bu qədər dözümsüz, başqaları qarşısında isə aciz?! Bir-birimizə qarşı bu qədər antipatiya nədən qaynaqlanır?!

Hər bir insan şüuru, onun mövcud olduğu zaman və məkan çərçivəsində, onu əhatə edən sosial münasibətlərin, mədəniyyət formalarının, ideoloji baxışların, məfkurələrin və s. məcmusunun sintezindən doğan məhsuldur. İnsan taleləri bütün öz müsbət və mənfi çalarlarını uşaqlıqdan götürür. Start zamanı (18 yaşa qədər) götürülən bütün mənfi və müsbət impulslar onun sonrakı həyatı üçün mayak rolunu oynayır. Qismən mülayim və proqressiv mühitdə formalaşan insanlar daha xeyirxah və açıq təbiətli olurlar.

Daha sərt və qapalı cəmiyyətlərdə formalaşan insanlar isə kinli və aqressiv olurlar. Belə insanlar instinktiv olaraq, yalnız qorxuya tabe olurlar və onlarda “sadizm” meylləri inkişaf edir.

Zahirən nə qədər mülayim görünsə də, bizim mühitimiz olduqca aqressiv bir mühitdir. Belə mühitdə formalaşan insanlarda çoxlu sayda natamamlıq kompleksləri olur və sonda onlar cəmiyyətin inkişafında tormozlayıcı amillərə çevrilirlər.

Cəmiyyətin yuxarı qatında həm bir-birindən, həm də öz xalqlarından təcrid olunmuş bir təbəqə formalaşmışdır. Bu təbəqənin insanları nə öz xalqları, nə də dünya xalqları üçün anlaşılandır. Yarımqapalı və öz əhatə dairələrinin təsirilə formalaşan bu insanlar, hətta biri-biriləri üçün də anlaşılmazdırlar.

Bu mühitdə formalaşan insanlar əvvəlcədən müəyyən olunmuş streotiplərin, doqmaların, anlayışların təsirilə oturub-dururlar. Bu mühitə dünya mədəniyyətinin (incəsənətinin, bədii ədəbiyyatının, musiqisinin) də elə bir təsiri yoxdur.

Belə bir toplumla, bu cür qarmaqarışıq dünyada, haraya qədər gedib çıxmaq olar, heç kəs bilmir. Bizim toplumun süzülüb saflaşdırılmağa (filtrasiyaya) böyük ehtiyacı vardır. Bu olmazsa, bizim gələcəyimiz olduqca dumanlı və qaranlıq görünür.

Güneyli Yusif, 2011-ci il