Ana Səhifə /Cillilər /Şairlər /Həsənov Qərib

Post Title

Həsənov Qərib Səməd oğlu - "Qərib duyğular".

Qəribin «Qərib duyğuları»

Əvvəlcə bu kitabın adına etiraz etmək istədim. Niyə məhz "Qərib duyğular"? Sonra şeirləri oxuyanda, həzin, kövrək sətirlərin təlqin etdiyi incə, zərif duyğular məni çulğayanda, ad məsələsini unutdum.

Sən demə duyğular ürəkdə nisgilə dönəndə, vaxtında-vədəsində ipə-sapa düzülməyəndə qəribləşirmiş, o duyğu sahibinin özünə də bir köynək yadlaşırmış.

Xəzan keçir, saralanlar çallayır,
Xatirələr də qocalır, ağlayır.
Qərib gələn, qərib gedir qalmayır,
Qış da gəldi qarı var, boranı var,
Qışa gələn ömrün nə dövranı var.

Ömrün ilk yazından üzübəri gələn duyğuları Qərib qardaşımız ömrün payızına, qışına saxlayıb. Bəlkə də belə yaxşıdır. Hisslərin axar-baxarı ağılla, müdrikliklə cilalananda daha önəmli olur. İnsanın çırpınan ürəyini, düşünən beynini vəhdətdə saxlayır, eyni ritmə, eyni ahəngə tabe edir:

Mən səni sandım pənahım,
Nədən sənə çatmaz olsun?
Göylərə də çatan ahım
Nədən sənə çatmaz olsun?!

Ömrüm-günüm keçir hədər,
Dərd çoxalıb, artıb kədər.
Məhəbbətim dünya qədər,
Nədən sənə çatmaz olsun?!

Yerli-yerində verilmiş sualdır, belə suallara "bədii sual" deyirlər, bu cür sualların cavabı öz içində olur və poeziya adlanır. Onun "Xoşbəxtlik" şeirində əsil insanın, əsil ömrün məna çalarları araşdırılır:

Mən xoşbəxt sanardım
özümü həmən,
Bir insan ömrünü yaşaya bilsəm.

Qəribin bir sıra şeirlərində insan şəxsiyyəti, bu şəxsiyyətə rövnəq verən əxlaqi dəyərlər ön plana çəkilir. Tamahın, nəfsin ləyaqətə, vicdana vurduğu zərbələrdən söz açılır:

Arama vicdanı
arada, bərədə,
O durub, oturub
hər kəsin nəfsində.
Hər kəsin
qəlbinin səsində,
"vicdan" qəfəsində.
Arama vicdanı
öz dar günündə
sən özgəsində.
Ara sən vicdanı
ara özündə
Bir düz əməlində,
bir düz sözündə.

Qəribin lirik şeirlərində sevən bir qəlbin döyüntüləri duyulur, vüsal eşqiylə yanıb-yaxılan aşiqin könül çırpıntıları dilə gəlir. Duyğusal hisslərini çox həlim deyir, incə deyir, mənalı və lakonik deyir. Emosinal ahəngə köklənən bu sətirlər Qəribin iç dünyasının zənginliyindən xəbər verir:

... Əlim çatmaz, ünüm yetməz vəslinə,
Nolar vüsalına qatasan məni,
Sevgili dünyana atasan məni...

Qərib bu kitabında həm də bir rəssam kimi çıxış edir, könül dünyasından qopan, özünün təxəyyülünün məhsulu olan ornamentləri, şəkilləri oxucularına çatdırır. İnanırıq ki, bu bədii-tərtibat nümunələri də şeirləri kimi dəyərli sənətsevərlərin ürəyindən olacaqdır.

Qərib Səməd oğlu Həsənov 1955-ci ildə Göyçə mahalının Cil kəndində anadan olub. İndi 55 yaşı var. İki beşi yan-yana düzüb və vaxtilə ipə-sapa düzdüyü misraları, çəkdiyi şəkilləri bir kitabda cəmləyib tanışlarına, doğmalarına - poeziyasevərlərə ünvanlayır. O, ixtisasca mühəndis-texnoloqdur. 1977-ci ildə Neft-Kimya institutunun Kimya-texnologiya fakültəsini bitirib. On ildən artıq Rusiyada, qarlı Sibirdə öz ixtisası üzrə işləyib. Sonralar peşə fəaliyyətini dəyişib, Azərbaycanda bədii-parket məktəbinin görümlü yaradıcılarından biri kimi şöhrət tapıb. Doğma şəhərimizdə, bir çox rayonlarımızda mədəniyyət mərkəzlərinin inşasında, bərpasında müstəsna xidmətləri var. Qərib müəllim parketdə çoxlu bədii, kompozisiyalı yaradıcılıq işlərinin müəllifidir. Lakin özünün dediyi kimi dünyada ən çox sevdiyi poeziyadır. Sevdiyi şairlərin kitabları ilə hər gün üz-üzədir. Gözünün düşməni ucuz şan-şöhrət naminə özünü sənətə yamaq eləyənlərdir.

Bir neçə istedadlı şairin kitabının nəşrinə maddi və mənəvi köməyini də əsirgəməyib. Şerlərinə musiqi də bəstələnib, aşıqların sazına, havacatına köçən qoşmaları da var. Məramı, məqsədi, arzusu, istəyi ancaq və ancaq xeyirxahlıqdır, kiminsə işinə yarayanda, bir köməksizə dayaq olanda özünü dünyanın xoşbəxti sayır.

Şerlərinin çoxu sevgidəndir. Ürəyinin ən gizli, ən mübhəm duyğularını qələmdən, kağızdan gizləyə bilməyib. Yaxşı ki, bu belədir:

Nə göydə taparam, nə də ki yerdə,
Bir də doğularmı o sevgi, bir də.
Hamıdan xəbərsiz qarlı Sibirdə
Özümə kəsdiyim cəzadı sevgim.

deyir Qərib dostumuz. Adı Qərib olsa da, bu ilk şerlər kitabını "Qərib duyğular" adlandırsa da, o, üzü poeziyaya doğru gedən yolda qərib deyil, yad deyil.

Mən onun bu ilk sevincinə, ilk kitabına mübarək deyib də uğurlar diləmək istəyirəm.

Musa Ələkbərli 03.10.2010

AMAN GOYÇƏ
Yaşaya bilmədim qoynunda sənin,
Oxşaya bilmədim şux gözəllərin,
İtirmişəm Ələsgərin vətənin.
Aman, Göyçə, sənli-sənsiz qalmışam.
Anam, Göyçə, mən vətənsiz qalmışam.

Oxuya bilmədim mən ürəyini,
Qoxlaya bilmədim tər çiçəyini.
Toxuya bilmədim mən çələngini,
Aman, Göyçə, sənli-sənsiz qalmışam.
Anam, Göyçə, mən vətənsiz qalmışam.

Gözüm doymur çəmənlərin seyrindən,
Qəlbim doymur gözəllərin mehrindən,
Ovsunmuşam saz-sözünün sehrindən,
Aman, Göyçə, sənli-sənsiz qalmışam.
Anam, Göyçə, mən vətənsiz qalmışam.

Elat yaylaqların gəzə bilmədim,
Mavi sularında üzə bilmədim,
Boynuna incilər düzə bilmədim,
Aman, Göyçə, sənli-sənsiz qalmışam.
Anam Göyçə, mən vətənsiz qalmışam.

Vətənsiz yetiməm, gəzə bilmirəm,
Sənin sitəminə dözə bilmirəm,
Əlimi əlindən üzə bilmirəm,
Aman, Göyçə, sənli-sənsiz qalmışam.
Anam Göyçə, mən vətənsiz qalmışam.

Uca dağlar başı de qarmı ola,
Bülbül vətənində de sarmı ola,
Qərib də vətənli olarmı ola?
Aman, Göyçə, sənli-sənsiz qalmışam.
Anam Göyçə, mən vətənsiz qalmışam.