Ana Səhifə /Şəhidlər /Qarabağ uğrunda /İsmayılov Əli

Post Title

İsmayılov Əli Əhməd oğlu.

YURD HƏSRƏTLİ ƏLİ

Televiziyada Göyçə ilə bağlı veriliş gedirdi.Aşıq Müseyib və onun ailəsi, eləcə də digər göyçəli qadınlar dərdli-dərdli danışır, bayatı, şeir deyir, gözlərindən leysan kimi tökürdülər.Ömrün ixtiyar çağında Müseyib kişi elə yanıqlı, elə qüssəli danışırdı ki, onun keçirdiyi ağrı-acını duymamaq mümkün deyildi.Sanki "Göyçə” deyəndə dodaqları alışır, ağzında dili göynəyirdi...Qəfildən qoca aşığın ulu sənəti dilə gəldi.O, sazı sinəsinə basıb "orta sarıtel” üstə oxuduğu məşhur "Qaragöz” mahnısını səsləndirdi.İlahi, səsdəki gücə, qüdrətə, sehrə bax.Həmin dəqiqə Müseyib kişi bütün Azərbaycanı sehrlədi.Səksən yaşlı didərgin aşığın səsindəki hər yanğı, hər ün bir nidaya dönüb qəlbləri titrətdi, ürəkləri riqqətə gətirdi.Bu ilahi səs çaylar kimi çağladı, şəlalə kimi zümzümə elədi, bulud kimi gurladı, şimşək kimi çaxdı.

Bu dəmdə gənc Əlinin fikri (İsmayılov Əli Əhməd oğlu 1974-1992) bir anlığa qürbətdə qalan Cil kəndinə döndü.Gözünün qabağına haralar, nələr gəlmədi...Göy gözlü Göyçənin lacivard ləpələri, "Alma ağacı”, "Qaradaş”, "Çənli”, "Pəri bulağı” və s.

Əlinin yadına bir də "Ulu Göyçə” poemasındakı çox sevdiyi bir bənd düşdü:

Ulu Göyçə, Cilin şirin növrağı,
Bir "Qaradaş”, bir "Çənlinin” oylağı...
Yenə çağlayırmı "Pəri bulağı!”
Müseyibin "qaragöz”ü dururmu?
Qoca aşıq incə xallar vururmu?

Bəli vurur.Müseyib əmi yenə incə xallar vurur.Ancaq bu xal o xaldan deyil.Bu yurd həsrəti ilə qovrula-qovrula oxuyan bir aşığın vurduğu xallardır…Yurd həsrəti yaman dərddir.Onun bir əlacı, bir dərmanı var, o da qoynuna qayıtmaqdır…Qoynuna qayıtmaq isə…

İsmayılov Əli Əhməd oğlu 1974-cü ildə Krasnoselo rayonunun Cil kəndində dünyaya gəlmişdi.Uşaqlıq illəri Şah dağının buz bulaqlarından axıb gələn çayın zümzüməsi, ətrafı çinarlı, bağların-baxçaların xoş rayihəsi, xalı kimi min bir naxışlı, çəmənlərin gözəlliyi içində böyümüşdü.1981-ci ildə doğma kənddəki orta məktəbin birinci sinfinə getmiş, 1988-ci ildə əziz məktəbindən, doğma yurdundan didərgin düşmüşdür.

Atalar deyib:”Sən saydığını say, gör fələk nə sayır”.Əli dərs əlaçısı olmaqla yanaşı, bütün qayğılardan uzaq idi.

On dörd yaşlı Əli böyük sarsıntı, ağır dərd içində bu qədim və sevimli kəndi tərk etməyə məcbur edildi.Erməni cəlladları, erməni qəsbkarları, erməni vəhşiləri elə bir qeyri-insani oyuna girişdilər ki, bu oyunun bəxş etdiyi zülm, işgəncə tarixin səhifəsinə qanlı hərflərlə yazıldı.

Əligilin ailəsi bir neçə ay gəzib-dolaşdıqdan sonra Daşkəsən rayonunun Quşçu kəndində özünə sığınacaq tapdı.O, orta məktəbi də burada başa vurdu.

Düşmən daha da quduzlaşmışdı.Vətənin ağır vəziyyəti bir çox qeyrət sahibləri kimi Əlini də incidirdi.Bir neçə dəfə orduya getməsi haqda hərbi komissarlığa müraciət etsə də "yaşın çatanda gedəcəksən” deyə cavab vermişdilər.Nəhayət 1992-ci ildə Əli ordu sıralarına xidmətə çağrıldı.İlk dövrlər Biləcəridə, sonra isə Şəmkirdə qulluq elədi.Özünü cəld və səriştəli paraşütçü kimi tanıtdı.Lakin bütün bunlar Əlini qane eləmirdi.Həmin ilin dekabrında könüllü olaraq ön cəbhəyə yollandı.İlk döyüşə Füzuli rayonunun Balabəhmənli kəndində başladı.Qoçaqlığı, cəsurluğu ilə diqqəti cəlb elədi.Döyüş yoldaşlarının dediyinə gözüaçıq, hər şeyi tez dərk edən bir gənc idi.

Bir neçə uğurlu döyüş əməliyyatı keçirdikdən sonra Əli dekabrın sonlarında dostlarının qolları üstündə gözlərini yumdu.Bu igid oğlan çayın qırağında su içərkən qəflətən namərd düşmənin gülləsinə tuş oldu…

Müqəddəs Şəhidlər xiyabanı oğuz elinin bir Koroğlu qeyrətli igidini də öz ağuşuna aldı.

Həmyerliləri Əlinin qoçaqlığı və mərdliyini nəzərə alaraq oxuduğu Quşçu kənd orta məktəbinə onun adını verdilər.

Fazilə xanım Əliyə həsr etdiyi şeiri oxudu:

Qızlar oğrun-oğrun boylanardılar,
Geyinib ortaya şıxanda Əli.
Onun duruşundan hallanırdılar,
Dönüb sağa-sola baxanda Əli.

Bir axşam çağı o, görüşə gəldi,
Özünü dünyanın xoşbəxti bildi.
Bir gözəl gözünün yaşını sildi,
Düşmənlə döyüşə qalxanda Əli.

Atan göz yaşını güclə saxladı,
Anam oğul deyib yaman ağladı.
Bir qız da başına qara bağladı,
Başımda yas sədan çıxanda, Əli.

Əli şəhiddir.Vətən yolunda canını qurban vermişdir.Nə qədər ki, Əli kimi canını Vətən yolunda qurban vermək istəyənoğullar var, demək qələbəmiz də, zəfərimiz də qabaqdadır!

Eldar İsmayıl
Şəhid Yurdun Şəhid övladları kitabından