Ana Səhifə /Cillilər /Şairlər /Məhərrəmov Sabir

Məhərrəmov Sabir Əmir oğlu Göyçə mahalının Cil kəndində anadan olub.Bəzi şeirlərini oxuculara təqdim edirik.

Ayıldım qəflətən ey dadi-bidad,
Ömür kitab kimi varaqlanıbdı.
Qocalıq üstümə qoşun yeridib,
Təpədən dırnağa silahlanıbdı.

Tələsdim bu gündən sabaha qaçım,
İstədim bəxtimin tilsimin açım,
Bir də ayıldım ki, ağarıb saçım,
Biçarə gəncliyim irahlanıbdı.

Sabirəm, dünyadan hələ doymadım,
Közərən ümidi sönə qoymadım,
Sevildim, İlahi, bəlkə duymadım,
Nə gözəl günlərim günahlanıbdı.

* * *

Ağ yalana qənd qatılıb,
Noğullardan zəhləm gedir.
Torpaq gedib, var satılıb,
Oğullardan zəhləm gedir.

Çaydaşı tək kiçilmişik,
Saraylara tikilmişik,
Şərab kimi içilmişik,
Sağollardan zəhləm gedir.

Sabir söylər doğru söhbət,
İman-insaf olub qeybət,
Yalanıymış Məlikməmməd,
Nağıllardan zəhləm gedir.

* * *

Qoy ildırım çaxsın, tufan hayqırsın,
İllər həsrətimin sayıdır axı.
Göyçəsiz göyçəli yetimə bənzər,
Ocaq İlahinin payıdır axı.

Kim deyir qürbətdə plov ləzizdir,
İnsan öz yurdunda toxdur, təmizdir.
Hər kişi oğluna vətən əzizdir,
Ocaq İlahinin payıdır axı.

Ayrılıq camını içən ellərim,
Ordan qatar-qatar keçən ellərim,
Niyə qayıtmadı köçən ellərim,
Durnalar hər bahar qayıdır axı.

Sabir Ocaq, Göyçə gölü, yara bax,
Qaraldı gözümdə dünya, dara bax,
Zəki dayı Şah dağında qara bax,
İndi fəsillərin yayıdır axı.