Ana Səhifə /Təbriklər /Namazov Abutalıb

Dünya universitetləri arasında birinci yerdə qərarlaşan universitetin tələbəsi adını qazanmış məzunumuz

Haqqında söhbət açacağımız məzunumuz Abutalıb Namazov 2015-ci ildə müvəffəqiyyətlə imtahan verərək Təhsil Nazirliyinin nəzdindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VII sinfinə qəbul olunmuşdur. Abutalıb gündəlik dərslərini fəal oxumaqla yanaşı, liseydə fəaliyyət göstərən riyaziyyat və informatikadan olimpiadalara hazırlıq məşğələlərində də fəal iştirak edirdi. Məhz bunun nəticəsi olaraq 2015-2016-cı dərs ilində keçirilən Fənn Olimpiadalarının yekun respublika turunda ilk dəfə olaraq yuxarı sinif şagirdlərinin informatika üzrə iştirak etdiyi olimpiadalara qatılaraq bürünc medala layiq görüldü.

Abutalıb VIII sinifdə oxuyarkən həm riyaziyyat, həm də informatikadan olimpiadalara yüksək səviyyədə hazırlaşmağa başladı. Onun bu zəhməti öz müsbət nəticəsini göstərdi. Belə ki, 2016-2017-ci dərs ilində respublika olimpiadasının həm riyaziyyat, həm də informatika üzrə yekun turunda uğurla iştirak etdi. Yekunda respublikada ilk dəfə olaraq iki fəndən olimpiadanın yüksək medallarına layiq görüldü. İnformatikadan qızıl, riyaziyyatdan isə gümüş medal qazandı.

Abutalıb orta təhsilini başa vurana qədər hər il respublikada keçirilən Fənn Olimpiadalarının yekun turlarında iştirak edərək informatika üzrə 4 qızıl 1 bürünc, riyaziyyat üzrə 1 gümüş medala layiq görüldü.

Abutalıb 2017-ci ildə Rusiya Ali İqtisad Məktəbinin (Higher School of Economics) Milli Tədqiqatlar Universitetinin təşkil etdiyi Gənc Riyaziyyatçılar Olimpiadasında 1-ci dərəcəli diplomla təltif olunub. 2017-ci ildə, həmçinin Avropa Gənclərinin İnformatika Olimpiadasında (European Junior Olympiad in Informatics (EJOI)) bürünc, Balkan Gənclərinin Riyaziyyat Olimpiadasında (Junior Balkan Mathematical Olympiad-JBMO) gümüş medallarla mükafatlandırılıb. Abutalıb həmin il bunlardan əlavə bütün Rusiya Komandaları Proqramçılarının Müsabiqəsində (All-Russian Team Programming Competition for Schoolchildren (VKOŞP in Russian) 3-cü dərəcəli sertifikata layiq görülüb.

2019-cu il 1-6 sentyabr tarixlərində Moskva şəhərində Beynəlxalq Meqapolis Olimpiadası keçirilib. Dünya ölkələrindən 45 komandanın qatıldığı bu bilik yarışında Abutalıb Namazov gümüş medala layiq görülüb. 13.11.2019-cu il tarixində BMU-da ali məktəb tələbələrinin ICPC Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib. Müsabiqədə Universitet tələbələri ilə yanaşı, 2 məktəbli komandası da iştirak edib. 56 komanda arasında hər iki məktəbli komandası ilk iki yeri bölüşdürüb.

Qeyd edək ki, təqdim edilən 13 məsələnin hamısını həll edən yeganə komanda FRİTL-in şagirdlərindən (Namazov Abutalıb, Eynizadə Murad və Tağızadə İbrahim) ibarət komanda olub.

15.01.2020-ci il tarixində XVI Beynəlxalq Jautikov Olimpiadasında Abutalıb qızıl medala layiq görülüb. Bu medal informatika üzrə Beynəlxalq Olimpiadadan gətirilən ilk qızıl medal idi.

Məzunumuz Abutalıb Namazov ümumilikdə respublika fənn olimpiadalarından 3 qızıl 1 gümüş və 1 bürünc medal, beynəlxalq olimpiadalardan 1 qızıl 5 gümüş və 4 bürünc medal qazanıb. Bütövlükdə Abutalıb orta təhsilini olimpiadalardan 15 medal qazanmaqla başa vurub. Abutalıb orta təhsilini də qızıl medalla yekunlaşdırıb.

13-19 sentyabr 2020-ci il tarixində 32-ci Beynəlxalq İnformatika Olimpiadası Sinqapurda onlayn şəkildə keçirildi. Azərbaycan məktəblilərindən ibarət komanda yarışa ADA Universitetindən qoşulmuşdur. Abutalıb bu yarışda bürünc medal qazandı.

Məzunumuzun ən böyük uğuru isə tam təqaüdlə ABŞ-ın Massachusettes Texnologiyalar İnstitutunun tələbəsi adını qazanmasıdır. Dünya universitetlərinin reytinq cədvəlində ilk onluqda yer alan universitetlər sırasında Massachusettes Texnologiyalar İnstitutu 100 balla birinci yerdədir. Belə bir ali məktəbin tələbəsi olmaq isə şərəfdir.

Abutalıba təhsildə və elmdə ən yüksək pillədə olmağı arzu edirik.

Valid Məhərrəmov,Fizika, riyaziyyat və informatika təmayüllü liseyin informatika müəllimi

Mənbə:yeniazerbaycan.com

Bu uğuru münasibətilə Abutalıb Namazovu bütün Cillilər adından təbrik edirik, gələcək karyerasında uğurlar arzu edirik!

Hörmətlə: cilliler.com saytının kollektivi.