Ana Səhifə / Talıb İsmayılovun "Cil sakinlərinin soy kökü" adlı kitabı işıq üzü görmüşdür.

REDAKTORDAN

.... Ağbulaq, Ardanlş, Şorca, Babacan

Cildə ömür etmişəm mən də bir zaman

Keçmə Ağkilsədən, Zoddan, Qanlıdan,

Daşkəndli, Məzrəli, Pəmbəkli Göyçə.

Hüseyn Arif

Elmi kitablara ön söz yazmaq, onu səciyyələndirib oxuculara layiqincə çatdırmaq o qədər də çətin deyil. Amma eldən, obadan, düşmən tapdağında inildəyən kəndindən, onun pərən-pərən düşmüş sakinlərindən yazılan kitaba ön söz yazmaq çox da asan deyil. Bu ağır və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bu ruhda yazılan kitabları vərəqləməli oldum. Akademik Budaq Budaqovun “Elim, obam mənim”, “Çobankərə eli”, Dağıstanın xalq şairi Rəsul Həmzətovun “Mənim Dağıstanım” ) (I-II hissə), Abbas Mazanovun “Gözləri həsrətli, naləli Göyçə”, professor Məhərrəm Hüseynovun “Göyçə nisgili, Şorca xiffəti” və s. kitablara baxdım. Oxuculara təqdim etdiyimiz Talıb İsmayılovun bu kitabı da Göyçə həsrəti ilə, doğma Cil kəndinin intizarda qalan yurddaşlarının tarixi kökünün araşdırılmasına həsr olunmuşdur. Talib müəllimin bu kitabı yuxarıda sadaladığım müəlliflərin əsərləri ilə eyni sırada durur.

Kitabın tərtibi və yazılışı ilə əlaqədar Talib müəllim bir neçə dəfə bizim evə gəldi. Xeyli məsləhtləşdikdən sonra qəti bir qərara gəldi ki, kəndimizin sakinlərinin nəsil şəcərəsini tərtib etməliyəm. Dedim ki, Talib müəllim, bu iş o qədər də asan deyil.O isə cavabında dedi ki, Tahir müəllim, narahat olma, əlyazmasını hazırlamışam, deyib tərtib etdiyi bütün şəcərəni mənə göstərdi. Doğrudan da xeyli təəccübləndim. Kəndimizin sakinləri bir kənddə məskunlaşsaydı bu Talib müəllimə çox da çətin olmazdı. Pərən-pərən düşmüş camaatımız Azərbaycanın müxtəlif regionlarında yaşamaq məcburiyyətində qalmışlar. Bütün ailələr haqqında son məlumatı toplamaq Talib müəllim üçün çox da asan olmayıb. Elinə-obasına, doğma Cil kəndinin camaatına olan istək və hörmət və ondakı xeyirxahlıq belə bir gərəkli kitabın ərsəyə gəlməsinə səbəb olmuşdur.

1988-ci ildə Göyçə müsibəti başladı. Oymaq-oymaq gəzdiyi dağlar, gədiklər, heyranlıqla tamaşasına durduğu sal qayalar, zümzü¬məsində laylalandığı Göyçə gölünün zümrüd suları, Armudlu dərə¬sinin seyrək meşəsi, Pəri bulağının şəfalı və saf suyu, Danadağı və Hajıhümmət dağlarının əzəməti, Alma ağacının dağ yellərinə sinə gərməsi, ümumiyyətlə bu cənnət diyarın yağılara qalması Talıb müəllimin daxili dünyasına sağalmaz yara vurmuşdu. Görüşəndə onun ürək yanğısı ilə bütün söhbətləri Göyçə ilə başlayardıq, Vətən ağrısı ilə qurtarardıq.Növbəti dəfə bizə gələndə, yenicə sözə başlamışdıq, dedi ki, sənin bir şerin var, qəzetdə oxudum, məni çox kövrəltdi, qəhərləndim, dur həmin şeri tap mənə gətir. Dedim ki, Talıb müəllim, hansı şeri istəyirsiniz- dedi ki, “Göyçədə qaldı” şerini tap. Kitablarımın birində çap olunmuş həmin şeri oxudu və qəhərləndi.

Arımızın balı, şanı, beçəsi

Həyətin quzusu, xoruz beçəsi.

Pendiri, motalı, yağı, nehrəsi

Ağzımın tamı da Göyçədə qaldı.

Mən onu xeyli sakitləşdirdim, mövzudan yayındırmağa çalışdım. Kitab haqqında xeyli mülahizələr etdik. Belə fikrin üstündə dayandı: “Tahir müəllim, Cilin camaatı bir-birindən aralı düşüblər və onların yeni nəsli yaxın qohumlarını, hətta ulu babasını belə tanımaqda çətinlik çəkəcəklər. Məlumat xarakterli tərtib olunmuş bu kitab Cillilərin yeni törəmələrinə sanballı bir hədiyyə ola bilər” deyib həmin şerin son bəndini də oxudu.

... Dahilərin, uluların vətəni,

Alimlərin, nazirlərin Vətəni.

Tahir Göyçəlinin ana vətəni

Doğma kəndi, Cili Göyçədə qaldı.

Talıb müəllim bir az xəstələnmişdi. Telefonla söhbət etdik, onun həvəslə başladığı bu kitabı kompüterdə yığdırdığımı dedim. “Gəlib ona baxmaq istəyirəm” dedi. Yenə görüşdük. Mənə xeyli razılığını bildirdi. Ayrılanda bir tapşırıq verdi mənə. “Bu dünyaya etibar yoxdur. Son bu kitabın nəşrini axıra çatdır. Sənə etibarım və ümidim çoxdur.” dedi. Mən isə onu zarafatlarında ovundurdum və Talıb müəllimlə gülə-gülə ayrıldıq.

...Doğrudan da bu həyata etibar yox imiş. Onun həvəslə baş¬ladığı, çox çətinliklə tərtib etdiyi bu kitabın nəşrini görmək sevinci özünə qismət olmadı. Onun ruhu qarşısında baş əyirəm. Allahdan ona rəhmət diləyirəm.

Kitabın ərsəyə gəlməsində böyük əməyi olan müəllifin oğlu Məmmədəli İsmayılova, kompüter tərtibatçısı, Bakı Dövlət Univer¬sitetinin Coğrafiya fakültəsinin əməkdaşı Pərvanə Xanım Həbibova- ya, həmçinin “Elm və təhsil” nəşriyyatının direktoru, filologiya elm¬ləri doktoru, professor Nadir Məmmədliyə və nəşriyyatın bütün kol¬lektivinə bütün cillilər adından dərin minnətdarlığımı bildirirəm.

TAHİR İBRAHİMOV

Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri üzrə fəlsəfə doktoru.