Ana Səhifə /Şəhidlər /İtkin düşənlər /Vəliyev Ərəstun

Post Title

Vəliyev Ərəstun Məhərrəm oğlu.

YERİM CƏBHƏDİR

1973-cü ilin 7 iyulunda Məhərrəm əminin ailəsinə şadlıq üz verdi:bir oğlan körpəsi dünyaya göz açdı.Adını Ərəstun qoydular.Ərəstun da başqaları kimi qayğısız uşaqlıq illərini yaşadı, məktəbə getdi, məktəbdən gəldi, ancaq orta təhsilini doğma kəndində-Cildə tamamlaya bilmədi, qismətinə didərginlik düşdü.1991-ci ildə Bakı şəhərində təhsilini başa vurdu.Həmin ilin 12 dekabrında hərbi çağırış vərəqəsi aldı.Azərbaycan DİN-in daxili qoşunları tərkibində hərbi xidmətə başladı.1992-ci ilin yanvarında cəbhəyə göndərildi.İlk döyüş yolu Ağdamın Şelli kəndindən keçdi.3 ay müddətində səngimək bilməyən döyüşlərdə sınaqdan keçdi, döyüş yoldaşlarınn və komandir heyətinin rəğbətini qazandı. Ağdərənin düşmənlərdən azad olunması uğrunda şiddətli döyüşlər başlananda Ərəstungilin batalyonu ön cərgələrdən birində vuruşurdu.Qumbaraatan Ərəstun Vəliyev döyüşlərdə fərqləndiyinə görə baş çavuş rütbəsinə layiq görüldü. 1993-cü il martın 12-də onlar Ağdərəninn Canyataq kəndində mövqe tutmuşdular.Həmin gün atası Məhərrəm kişi Ərəstunu yoluxmağa gəldi.Onda ata-bala arasında belə bir söhbət oldu: -Oğul, şükür Allaha, uğur bizim tərəfimizdədir, bəlkə icazə alasan bir-neçə günlüyə, Novruz bayramını evdə birgə keçirək. -Ata, -deyə Ərəstun cavab verdi-bir neçə günə Xankəndinə girib qələbə qazanacağıq.Ondan sonra evə dönmək olar. Ata daha təkid etmədi.Ərəstun qələbənin lap yaxında olmasına inanırdı... Martın 16-da gündüz düşmən Ərəstungilin mövqeyinə güclü hücuma keçdi.Bəzi məsuliyyətsiz əsgərlərin mövqeləri tərk etdiklərinə görə vəziyyət çox mürəkkəb idi.Tağım tam mühasirəyə düşmək təhlükəsində idi.Ərəstun tağım komandiri kimi bütün məsuliyyəti öz üstünə götürərək döyüşə məharətlə rəhbərlik etdi.Düşmənin tanklarını vuraraq hücumu dayandırdılar.Azğınlaşan düşmən həmin gecə daha böyük qüvvə ilə hücuma keçdi.Tağım qeyri-bərabər döyüşdə rəşadətlə çarpışdı, fəqət düşmən xeyli itki versə də irəliləyə bildi.Bu döyüşdə xüsusi cəsarətlə vuruşan Ərəstunun sonrakı taleyi haqqında hələlik xəbər-ətər yoxdur... Cəbhədə vuruşarkən qardaşı Qurban ona baş çəkməyə gedibmiş.Həkim Qurbana deyib ki, Ərəstunun ayaq dırnağı ətə batıb, şişib, iltihab başlayır, ağır fəsad verə bilər.Gərəkdir ki, bir neçə gün arxada qalıb müalicə olunsun.Ərəstun cavabında demişdi:”Mən xırda yaradan ötrü cəbhədən yayına bilmərəm, yerim yalnız cəbhədir”. Ərəstun qaynar təbiətli olmasına baxmayaraq, qəlbən həssas və kövrək idi.Vətən həsrəti ilə yaşayırdı...

Bağışla oğlunu, a doğma Cilim,
İtmişik qoynunda biz ilim-ilim.
İzin ver, sən Allah, yuxuna girim,
Ana-bala kimi dərdi bölüşək.
Ərəstun cəbhəyə gedəndə əvvəlcədən xəbər verməmişdi, qəflətən çıxıb getmişdi, anasını nigaran qoymuşdu.Mahizər ana gözləri yolda, qulaqları səsdə qala-qala bu dünyadan köçdü. Eldar İsmayıl Şəhid Yurdun Şəhid övladları kitabından

Eldar İsmayıl
Şəhid Yurdun Şəhid övladları kitabından