Çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik yerli sakinləri – Azərbaycan türkləri olan, orta əsrlərdə inşa edilmiş əzəmətli memarlıq abidələri ilə şöhrət qazanan Azərbaycan qədim və orta əsrlər dövründə şərəfli bir tarixi yol keçmişdir. Azərbaycan haqqında (həmçinin Cənubi Qafqaz) qədim Yunan tarixçisi Herodot (b.e.ə. V əsr), coğrafiyaşünas, tarixçi Strabon (b.e.ə. I əsr, b.e-nın I əsri), XVII əsrdə yaşamış səyyahlardan: Alman səyyahı Adam Oleari, Osmanlı səyyahı Övliya Çələbi, Fransız səyyahı C.Şarden, Rus tədqiqatçısı İ.N.Şavrov və s. öz əsərlərində tarixi əhəmiyyəti olan məlumatlar verirlər.
Azərbaycanın ərazisi və orada əzəldən yaşamış qədim tayfalar haqqında ilk və geniş məlumat «Tarixin atası» adlanan qədim Yunan tarixçisi Herodotun «Tarix» əsərində verilmişdir (4, s.7). Mənbələrdə ən qədim türk tayfalarının Azərbaycanda b.e.ə. III-I minilliklərdə yaşadıqları göstərilməklə yanaşı, Azərbaycanın əzəli və yerli sakinlərinin türk tayfalarından ibarət olduğu təsdiq olunmuşdur. Təsadüfi deyil ki, Əməvilər sülaləsinin (661-750) 1-ci nümayəndəsi xəlifə Müaviyyə (661-680) türklərin Azərbaycanla əlaqəsini soruşanda, ona vəziri belə cavab vermişdir: «Azərbaycan qədimdən türk tayfaları tərəfindən məskunlaşmış ölkədir». Tarixdən məlumdur ki, Azərbaycanın həmçinin Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinləri Azərbaycan türkləri olduğu halda, ermənilər isə bu ərazilərə Çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində xarici ölkələrdən köçürülərək gəlmə bir xalqdır.
İrəvan ərazisinə, o cümlədən Azərbaycanın dilbər güşəsi olan Qarabağa və digər ərazilərə XIX-XX əsrlərdə Rus imperiyası tərəfindən İrandan və Türkiyədən həmçinin XX əsrdə Yunanıstan, Suriya, Fransa və s. ərazilərdən köçürülərək yerləşdirilmişdi. Bu barədə rus tədqiqatçısı İ.N.Şavrov yazırdı: “1828-ci ildən «1830-cu ilədək biz Zaqafqaziyaya 40 mindən çox İran və 84600 Türkiyə ermənisi köçürdük və onları erməni əhalisinin cüzi olduğu Yelizavetpol (Gəncə) (Qarabağ ərazisi bu quberniyaya daxil idi) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdik. “… 1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya, o cümlədən Qarabağa 400-min erməni köçürülmüşdür”.
Erməni tarixçisi M.G.Nersesyan belə yazırdı:
«… XIX yüz ilin 20-ci illərin sonunda bu bölgələrə, Şərqi Ermənistana 40000-dən çox İran, Türkiyədən isə 90000 erməni köçürülmüşdü».
1830-cu ildə Türkiyənin Ərzurum və Bəyazid ərazilərindən 45 min nəfər erməni köçüb gəlmiş və Göyçə mahalında məskunlaşmışlar.
1915-ci ildə Rus ordusu ilə Türkiyədən gələn 200 min nəfər erməni Cənubi Qafqazın müxtəlif ərazilərində, o cümlədən İrəvan qüberniyasında yerləşmişdi. Arxiv materiallarından aydın olur ki, 1831-ci ildə İrəvan əyalətində 50 min nəfər azərbaycanlı, 45,2 min nəfər isə gəlmə erməni vardı. Qərbi Azərbaycan kəndlərində ermənilərin sayı artsa da belə hələ XIX əsrin 2-ci yarısında Ermənistanda 2310-kəndin 1500-dən çoxu azərbaycanlılara aid idi (5,s.66). Ümumiyyətlə, 1918-ci ildə Ermənistanda əhali 1.510.000 nəfərə çatırdı ki, bunun da 795.000 nəfəri erməni, 575.000 nəfəri müsəlman, 140.000 nəfəri isə digər millətlərdən idi (8, s.14). Keçmiş SSRİ dövründə 1946-cı ildə Suriya, Yunanıstan, Lübnan, İran, Bolqarıstan və Rusiyadan 50,9 min, 1947-ci ildə Fələstin Suriya, Fransa, ABD, Yunanıstan, Misir, İran və Lübnandan 35,4 min erməni qəbul edilərək Ermənistanda yerləşdirildi.
İrəvan ərazisinə ermənilərin gəlmə xalq olduqları barədə tarixçi-etnoqraf, tanınmış toponimist Q.Ə.Qeybullayev «Qədim türklər və Ermənistan» adlı kitabında belə yazırdı: «…Ermənistan ərazisində azərbaycanlıların ulu əcdadları hələ eradan əvvəl VIII-VII əsrlərdə yaşayırdılar. O zaman ermənilər Kiçik Asiyada məskun idilər. Ermənilər indiki Ermənistan ərazisinə gəlmə olduqlarına görə erməni dilində Ermənistanda qədim toponimlər yoxdur. Buna görə də XIX əsrdə bütün əhalisi ermənilərdən ibarət olan kəndlərin və ermənilərlə azərbaycanlıların qarışıq yaşadıqları kəndlərin adları da azərbaycanca idi. Onlardan bir neçəsinin adlarına diqqət edək: Babakişi, Karvansaray (Qarnıyarıq), Tayçarıq, Yaycı, Ağadək, Paşali, Ağamzal, Vərməzyar, Cənnətli, Zöhrablı, İmamşalı, Qulaməli, Təzəkənd, Tamamlı, Şirabad, Birəli (Pirəli), Şahab, Ağcaqala, Əlibəyli, Armudlu, Hacıqara, Köçərli, Cəfərabad, Zeyvə, Korpəli, Molla Bəyazid, Molla Dursun, Sərdarabad, Təpədibi, Uzunoba, Xatunarx, Çubuxçu, (Kamalabad), Böyük Şəhriyar, Kiçik Şəhriyar, Böyük Körpü, Hacı Bağır, Gözlü, Güllücə, Dədəli, İlançalan, Gülablı, Molla Qasım, Saçlı, Damcılı, Ələtli, Əlican, Əli-Qızıl, Daşburun, Qazıqışlaq, Nəcəfli, Xəlfəli, Abasgöl, Molla Kəmər, Ağbulaq, Əlixan, Arıq Vəli, Bəndovan, Baş-Göy, Boz-Abdal, Bazıkənd, Boz-Yoxuş, Güllü-bulaq, Dərbənd, Dərəgöy, Qaraqışlaq, Qanlıca, Qaçaqlı, Göygülü, Düzkənd, Qurdlubulaq, Mahmudcuq, Nalbənd, Palıdlı, Təknəli, Təpədolaq, Toy-Xaraba, Hacıqar, Hacınazqulu, Şiştəpə və b.» Qeyd olunan yer adları onu göstərir ki, ermənilər həmin kəndlərdə sonralar yaşamağa başlamışlar, çünki göstərilən kəndlərin ermənicə adları yox idi.
Ümumiyyətlə Ermənistan ərazisində qədim türk mənşəli toponimlər ilk dəfə b.e.ə. VIII-VII-əsrlərə aid Urartu mənbələrində qeyd olunmuşdu.
Qərbi Azərbaycanın İrəvan əyalətində qədim dövrdə, erkən və orta əsrlərdə mövcud olmuş türk mənşəli toponimlərin Azərbaycan türkcəsində olması bir daha Azərbaycan türklərinin Qərbi Azərbaycan ərazisinin qədim və yerli sakinləri olduğunu və orada əzəldən yaşadıqlarını sübut edir. Deyilənləri nəzərə alaraq xanlıqlar dövründə (XVIII əsr) İrəvan xanlığının 15 mahaldan ibərət olması və həmin mahalların (həmçinin orada olan çay, göl, dağ və s.) adlarının (toponimlərin) Azərbaycan türkcəsində olması faktlarına diqqət yetirək.
1. Qırxbulaq mahalı 22 kənd
2. Zəngibasar mahalı 26 kənd
3. Qarnibasar mahalı 52 kənd
4. Vedibasar mahalı 21 kənd
5. Şərur mahalı 50 kənd
6. Sürməli mahalı 49 kənd
7. Dərəkənd-Parçenis mahalı 55 kənd
8. Saadlı mahalı 9 kənd
9. Talin mahalı 20 kənd
10. Seyidli-Axsaqlı mahalı 20 kənd
11. Sərdarabad mahalı 22 kənd
12. Kərbibasar mahalı 40 kənd
13. Aparan mahalı 39 kənd
14. Dərəçiçək mahalı 37 kənd
15. Göyçə mahalı 59 kənd
İrəvan ərazisində əzəldən yaşayan və yerli əhalinin Azərbaycan türklərindən ibarət olması, ermənilərin isə həmin ərazilərə çar rusiyasi tərəfindən köçürülərək gəlmə xalq olduğu, həmçinin Qərbi Azərbaycanın İrəvan əyalətində mövcud olmuş qədim türk mənşəli toponimlərin Azərbaycan türkcəsində olması onu göstərir ki, oradakı ərazinin ən qədim və yerli sakinləri Azərbaycan türkləridir. Azərbaycan türkləri “Tatar” adı ilə göstərilir.
Maraq doğuran tarixi mənbələrdən biri də 1886-cı ildə E. Kondratenkoqunun redaktorluğu altında tərtib olunmuş İrəvan quberniyasının xəritəsində göstərilən toponimlərin azəri türkcəsində olmasıdır. Misal: Sarvanlar, Arzu kənd, Sərdarabad, Güllücə, Daşvurun, Qazı-Qışlaq, Mehriban, Şirabad, Qəmərli, Kamalı, Molla-Göyçə, Yaqublu, Alagöz, Gözəl dərə, Qara xal, Xeyirbəyli, Əli Məmmədli, Baş-abaran, Göyçə gölü və s. İrəvan quberniyasının xəritəsinə baxdıqda oradakı toponimlərin Azəri türkcəsində göstərilməsi faktı Qərbi Azərbaycan-İndiki Ermənistan ərazisini qədim və yerli sakinlərinin Azərbaycan türklərindən ibarət olması bir daha öz təsdiqini tapmış olur.
Həmin xəritədə İrəvan quberniyasında yaşayan əhalinin tərkibi, say cədvəli və yer adları göstərilməklə yanaşı 7 xalqın adı çəkilir; erməni, tatar rus, yunan, aysor, kürd, mordva. (Xəritədə Azərbaycan türkləri tatar adı ilə göstərilir). İrəvan quberniyasının xəritəsində tarixi əhəmiyyəti olan faktlarından biri də Cənubi Qafqazda və Qərbi Azərbaycan ərazisinə İran və Türkiyədən ermənilərin köçürülməsinə baxmayaraq İrəvan qüberniyasının mərkəzi şəhərində, xüsusilə İrəvan şəhərinin özündə və digər yerlərdə yaşayan, tatarların (Azəri türkləri) ermənilərdən sayca çox olmasıdır. Misal:
1. İrəvan şəhərində 7228-Tatar (Azərbaycan-türkü), 7142-erməni
İrəvan quberniyasının qəzalarında
1. İrəvan qəzasında 52880-Tatar, 36426-erməni
Bundan başqa Aleksandropol şəhərində (Erkən və orta əsrlərdə Gümrü, Sovet dövründə Leninakan adlanıb) 881, qəzasında 4580, Novo-Bayazid (Yeni Bəyazid 1959-cu ildən Kamo adlanır) qəzasında 29523 və Eçmiədzin qəzasında-30203 və Surmalinski (Sürməli) qəzasında 34351 tatar (Azərbaycan-türkü) yaşayırdı.
Qərbi Azərbaycanda və Dağlıq Qarabağın ərazisində yaşayan yerli sakinlərin Azərbaycan türkləri olduğunu və ordakı toponimlərin türk mənşəli olduğunu təsdiq edən digər bir tarixi əhəmiyyəti olan sənədə-sonuncu Rus çarı II Nikolayın hakimiyyəti (1896-1917) dövründə 1903-cü ildə tərtib olunmuş və 1914-cü ildə çapdan çıxmış Qafqaz hərbi dairəsinin hərbi topoqrafik xəritəsinə baxdıqda diqqəti daha çox cəlb edən Qərbi Azərbaycanın ərazisindəki yer adları və Qarabağ ərazisindəki toponimlərin ermənicə deyil, məhz türkcə (Azərbaycan türkcəsi) olmasıdır. Misal: Alagöz dağı, Göyçə gölü, Bazar çayı, Gözəldərə dağı, Qəmərli, Dəvəli, Çardaxlı, Qarabulaq, Karvansara, Dilican, Dərəçiçək, Qabıqlı, Mədinə, Çubuqlu və s. Qeyd olunan hərbi xəritədə Qarabağın mərkəzi Xankəndi adı ilə göstərilir.
Hərbi xəritədə Qərbi Azərbaycan ərazisindəki toponimlərin bütövlükdə Azəri türcəsində göstərilməsi, İrəvan ərazisinin əzəli və yerli sakinlərinin tarixən Azərbaycan türklərindən ibarət olduğu və həmin ərazinin (İrəvan) Azərbaycan türklərinə məxsus olduğu bir daha öz təsdiqini tapmış olur. Buna görədə adı çəkilən, 1903-cü ildə tərtib olunmuş hərbi xəritəsi İrəvan ərazisinin yerli sakinlərinin Azərbaycan türklərindən ibarət olmasını təsdiqləyən çox əhəmiyyətli, tarixi sənəddir.
Göstərilən və adı çəkilən faktlarla yanaşı 1928-ci ildə Moskvada çapdan çıxmış, «SSRİ xalqlarının inzibati ərazisi və etnoqrafik atlası»nda da (s.49) Zaqafqaziyanın tərkib həssəsi olan İrəvan ərazisindəki qədim yer adlarının (toponimlərin) türk mənşəli olması faktı göstərilərək həmin ərazilərin ilk və yerli sakinlərinin Azərbaycan-türkləri olması dolayısı ilə də olsa təsdiqlənir.
Misal:
Qazançı, Uzunlar, Karvansara, Dilican, Dərəçiçək, Göycə gölü, Bazar çay, Basar-keçər, Qəmərli, Alagöz dağı və s.
Araşdırma nəticəsində aydın olur ki, ermənilər Qərbi Azərbaycanın İrəvan əyalətinə və b. ərazilərə gəlmə olduğundan eyni zamanda orada yaşayan yerli əhalinin Azərbaycan türkləri olduğundan oradakı (İrəvan) qədim yer adları ermənicə deyil, məhz Azərbaycan türkcəsindədir. Bundan başqa Qərbi Azərbaycanın yerli sakinlərinin Azərbaycan türklərindən ibarət olmasını təsdiqləyən digər tarixi faktlardan biri də İrəvanda orta əsrlərdə inşa edilmiş Azərbaycan-türk memarlıq abidələrinin olmasıdır. Qərbi Azərbaycan ərazisində inşa edilmiş orta əsr Azərbaycan-türk memarlıq abidələri İrəvanın tarixində əhəmiyyətli bir yer tutmaqdadır.
Deyilənlərə misal olaraq erməni müəllifləri tərəfindən yazılmış və 1968-ci ildə Moskvada nəşr olunmuş, Ermənistanın tarixindən bəhs edən «Erevan» adlı tarixi kitabdan bəzi sətirlərə diqqət edək: …. «İrəvan qalası 1582-1583-cü illərdə Fərhad paşa tərəfindən inşa edilmişdi. 1760-cı ildə inşasına başlanmış və Hüseynəli xanın hakimiyyəti illərində (1764-1768) başa çatmış, Azərbaycan memarlığının ən yüksək incəsənət abidəsi sayılan, öz görkəmi ilə səyyahları heyran edən, İrəvan məscidləri arasında ən böyük məscid olan əzəmətli Göy-məscid, 1687-ci ildə tikilmiş Novruzəli xanın məscidi, 1725-ci ildə inşa edilmiş Rəcəb paşa məscidi, XVIII əsrin əvvələrində inşa edilmiş Abbas Mirzə Camesi, Paqos-Petros kilsəsinin yanında yerləşən Zal-xanın məscidi, XVIII əsrin sonlarında Mahmud xanın dövründə inşa edilmiş Sərdar sarayı (3, s. 18-55) və s. onlarca belə Qərbi Azərbaycan-ərazisində inşa edilmiş orta əsr Azərbaycan memarlıq abidələrini misal göstərə bilərik.
Xanlıqlar dövründə İrəvan xanlığının əsasının qoyulmasında və onun idarə olunmasında bir nəfər də olsun belə erməni iştirak etməyib. İrəvan xanlığı yalnız Azərbaycan xanları tərəfindən idarə olunub. Bu barədə milliyyətcə erməni olan Kahin Hovanes Şahxatunyan xronoloji ardıcıllıqla özünün tərtib etdiyi siyahıda məlumat verərək 1441-cı ildən 1828-ci ilədək İrəvanı idarə etmiş 49 azərbaycanlı hakimin adlarını çəkir. «Erevan» adlı kitabda da İrəvan xanlığının idarə olunmasında iştirak etmiş xanlar sırasında erməni adı göstərilmir.
Beləliklə qeyd olunan faktlara əsasən İrəvandakı ərazilərin əzəli və yeri sakinlərinin Azərbaycan türkləri olduğu və ermənilərin isə gəlmə xalq olduğu sübut olunaraq tarixi sənədlərdə öz əksini tapmışdı.
Qərbi Azərbaycan ərazisinin əzəli və yerli sakinlərinin Azərbaycan türkləri olmağına baxmayaraq Rus imperiyası tərəfindən ora köçürülən ermənilər XX əsrin 1-ci və 2-ci yarısında Azərbaycan türklərini öz doğma yurdlarından didərgin salmaq üçün Rus imperiyasının əli ilə özlərinin məkirli niyyətlərini həyata keçirdilər. Belə ki, mərkəz (Moskva) ermənilərin maraqlarına uyğun olaraq 1948-1953-cü illərdə Qərbi Azərbaycandan (Ermənistan SSR) 150 mindən artıq azərbaycanlını, o cümlədən 1988-1994-cü illərdə bir milyondan artıq azərbaycanlını öz doğma ata-baba yurdlarından zorla çıxarmış və onlar qaçqın və məcburi köçkün halında Azərbaycanda məskunlaşmışlar. Ermənilərin Azərbaycan-türklərinə qarşı müxtəlif illərdə törətdiyi zorakı hərəkətlərin, xüsusilə azərbaycanlıların öz doğma yurdlarından zorla qovulmasının əsil qiyməti Azərbaycanda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycanlıların Qərbi Azərbaycandan zorla köçürülməsi dövrünü araşdırıb, tarixi həqiqətləri üzə çıxarmaq üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» 18 dekabr 1997-ci ildə fərman verdi. Ermənilərin zorakı hərəkətlərinə dövlət səviyyəsində qiymət verən, Azərbaycanın itirilmiş torpaqlarının sülh yolu ilə qaytarılması üçün öz səyini, bacarığını əsirgəməyən dünya şöhrətli siyasətçi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdi: «Xalqımız daim bilməlidr ki, bizim tarixi torpaqlarımız hansılar olubdur. Hansılar, nə vaxt əlimizdən gedibdir, niyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz qaytara bilməsək, gələcək nəsillər bunları qaytaracaqlar».