ÖN SÖZ
Öz ömrünü yazan biri...
İnsan ömrü bir kətan parçası kimidir; kimsə onun üzərinə al-əlvan boyalarla şadlıq nəğmələri həkk edər, kimsə də taleyin ona qıydığı acı kədəri, nisgili misra-misra nəqş edər. Əli Mikayıl oğlu Zülfüqarovun — ellilərinin və doğmalarının dili ilə desək, Cilli Əlinin ömür kətanına yazılanlar isə sırf həsrətdən, ana nisgilindən və Vətən hissindən yoğrulub.
Mən Əlini uşaqlıq illərindən tanıyan, onun Çil kəndinin saf, bərəkətli torpağında necə boy başa çatdığını görən bir dostu, bir eloğlusuyam. Bütün məsuliyyətimlə deyə bilərəm ki, Əli uşaqlıqdan dürüst, qəlbi təmiz, sözü bütöv və mərd bir insan kimi böyüyüb. Lakın taleyin ona hazırladığı ağır sınaqlar hələ gənc yaşlarından onun kövrək qəlbini dilim-dilim elədi.
Hələ orta məktəb illərində, ömrünün çiçəklənən 15-ci baharında anasını itirməsi Əlinin mənəvi dünyasında heç zaman sağalmayan dərin bir yara açdı. O, dünyada ən əziz, ən isti pənahını itirdi. "Anasız"lıq acısı onun içindəki şairlik qığılcımını alovlandırdı; şifahi xalq ədəbiyyatına, aşıq poeziyasına olan sonsuz sevgisi və el sənətkarlarından ruhlanaraq saza sarılması onun mənəvi sığınacağı oldu. Əli gözəl saz ifaçısıdır. Sazın həzin və naləli simləri Əlinin içindəki fəryadın dilinə çevrildi.
Taleyin növbəti və bəlkə də en amansız zərbəsi isə 1988–1989-cu illərdə gəldi. Ermənistan SSR-dən öz doğma ellərinin, Göyçə mahalının, Çil kəndinin didərgin düşməsi, baba-analarımızın məzarlarının, uşaqlıq izlərimizin qaldığı o müqəddəs torpaqların tapdaq altında qalması Əlini ikinci dəfə "Vətənsiz" qoydu, ruhunu kökündən sarsıtdı. "Sarı qaya"nın, çiskinli dağların həsrəti onun mənəvi-psixoloji həyatında elə bir dərin iz buraxdı ki, Əli bu gün də həmin təsirdən çıxa bilmir və az qala hər misrasında o yerlərin nisgilini ağlayır.
Orta məktəbi bitirdikdən sonra dülgərlik, bənnalıq kimi alnının təri ilə çörək qazandıran peşələrlə məşğul olan, hazırda da Xızı rayonunun Xələc kəndində zəhmətkeşliyi — dülgərliyi və arıçılığı ilə tanınan Əli heç vaxt mənəviyyatından, sazından-sözündən ayrılmadı.
Əlinizdəki bu "Anasız, Talesiz, Vətənsiz" adlanan şeirlər kitabı adi bir poeziya toplusu deyil. Bu, bir insanın göz yaşları, köksündən qopan ahı və Vətənə olan sonsuz sevgisinin nidalarıdır. Burada həm ana laylasına möhtac bir uşağın duyğuları, həm sazın simlərində inləyən bir aşıq fəryadı, həm də Göyçə dağlarına boylanan bir qəribin göz yaşları var.
Əminəm ki, Cilli Əlinin sadə, səmimi, xalq ruhuna söykənən bu şeirlərini oxuyan hər bir kəs onun duyğularına şərik olacaq, bu misralarda öz içindəki həsrətdən və sevgidən bir parça tapacaqdır.
Əli dostuma can sağlığı, çoxdan arzuladığı Vətən vüsalı arzulayıram.
Məhəmməd Əli oğlu Tanrıverdiyev.





