Ana Səhifə /Şəhidlər /Qarabağ uğrunda /Əhmədov Qurban

Post Title

Əhmədov Qurban Abbas oğlu.

ON YEDDİ YAŞLI ƏSGƏR

Köç karvanı yollara düzüldü.Maşın qatarı Şahdağının ətəyi, Göyçə gölünün kənarı boyunca axıb gedirdi.Hərə beş-altı şəltəsini yük maşınlarının belinə atıb, harayasa üz tutmuşdu.Yurdunu-yuvasını, var-dövlətini, illər boyu yığıb-yığışdırdığını düşmənə verib gedirdi.Karvan gedir, ürəklər getmirdi.Yaşlı gözlər dağları-dərələri, yalçın qayaları baxışları ilə öpə-öpə uzaqlaşırdı...Dərdi dərd bilənə demək lazımdır.Vətən itirənlər bilər Vətən qədrini.Qaçqınlıq, didərginlik görənlər bilər qaçqının nə çəkdiyini...

Bu karvanın içində 15 yaşlı bir uşaq da gedirdi.Uşağın ürəyi üzülüb düşürdü.Bilmirdi ağlasın, yoxsa qəzəbindən nərə çəkib qışqırsın.Əli silahlı düşmənin üstünə yumruğu ilə atılsın...Bu uşaq Qurban Abbas oğlu Əhmədov idi.

Bu vaxt Bakıdakı erməni evləri ilə ev dəyişməyə icazə verilmişdi.Əslində erməni Bakıdakı evini pula satırdı.Qurbangilin ailəsi də Cildəki evlərini Bakıda erməni evi ilə dəyişdi.Qismən rahatlıq yaransa da, ikinci bir müsibət başlandı.Mütəllimovun hakimiyyəti dövründə Ermənistanlı qaçqınlara qarşı son dərəcə sərt bir tədbir həyata keçirildi.Ən dəhşətlisi qaçqın əhalini yerli camaatın gözündən salmaq üçün hər cür iftira və böhtan yağdırılırdı.Misli-bərabəri olmayan bir vəhşiliklə onlar erməni evlərindən dubinka gücünə çıxarılıb, ayrı-ayrı yerlərə göndərilirdilər.Həmin dövrdə Qurbanın ailəsi də belə bir zorakılıqla üzləşdi.Onlar Mənəş (Goranboy) kəndinə göndərildilər.Köçürülmənin ilk günündə ermənilərin hücumu başladı.Kənd müdafiəsiz idi.Qurban ov tüfəngi götürüb bir dəstə ilə kəndi qoruyurdu.Həmin günlərdə bir neçə qulduru məhv edib silahını gətirdi.Buna baxmayaraq basqınlar ara vermirdi.Camaat kəndi tərk etməli oldu.Qurbangil yenidən Bakıya qayıtdı.O, AXC-nin qərargahına gəlib cəbhəyə getmək istədiyini bildirdi.Yaşının azlığını nəzərə alıb razılıq vermədilər.Qurban əl çəkməyib cəbhəyə yola düşdü.Mərdliyi, qorxmazlığı, vətənsevərliyi onu döyüş meydanına atdı.Qurban həmişə ön sırada olmağa can atırdı.Sanki o, güllədən qorxmurdu.Komandirlər və döyüş yoldaşları onu ehtiyatsızlıqda qınayırdılar.

Bir dəfə söhbət vaxtı döyüş dostlarından biri soruşdu:

-Qurban, gözaltın varmı?

-Mən hələ çox gəncəm.Gözaltım olsa da müqəddəs bir arzum var, ona çatmalıyam.

-Arzunu deməzsən?

-İstərdim kəndimizin azadlığı uğrunda vuruşum govurlarla.Onları oradan təmizləyim.Ondan sonra həyat öz axarına düşə bilər.

Lakin namərd düşmən gülləsi bu igid oğlana arzusuna yetməyə imkan vermədi.

Əsgər yoldaşları Qurbanın son döyüşünü belə xatırlayırlar.Səngərdə idik.Düşmən gülləsi ara vermirdi.Biz də onların mövqeyini atəş altında saxlayırdıq.Birdən Qurbanın gözləri kol dibində gizlənmək istəyən düşmən əsgərinə sataşdı.”Siz indi onun gününə baxın”-deyib atəş açdı...Tez qalxıb öldürdüyü erməninin silahını götürməyə getdi.Bu vaxt arxada olan erməni əsgərləri onu görüblər.Qəfildən açılan atəş Qurbanı üzü üstə torpağa sərdi.İlk tibbi yardımdan sonra onu Bakıdakı qospitala gətirdik.Lakin çox qan itirdiyinə görə müalicəsi nəticəsiz qaldı.17 yaşlı Qurban gözlərini əbədi yumdu.

Qarşımda ağ saçlı, solğun bənizli bir qadın gördüm.Baxışları mənə tanış gəldi.Kimliyini anşırda bilmədim.

O, bunu hiss edib dedi:

-Eldar müəllim, deyəsən məni tanımadınız?

-Doğrusu oxşadıram, ancaq...

-Mən Şorcalı Həsənin qızıyam.Adım Salatındır.Cildə ərə getmişdim.

-Hə, hə tanıdım, tanıdım.Vallah saçınızın belə tez ağarması...

-17 yaşlı şəhid Qurban mənim oğlumdur!

-Nə danışırsınız!!!

Daha heç nə deyə bilmədim.Ürəyimdən gələn bir atalar sözü dodaqlarımın arasında düymələndi:”Uca dağların başı ağ olar, bacım!”

Eldar İsmayıl
Şəhid Yurdun Şəhid övladları kitabından