Sabir Əkbər oglu Ələkbərov.
Sabir Əkbər oglu Ələkbərov 15 sentyabr 1947-ci ildə Cil kəndində anadan olub, 1965-ci ildə Ardanış kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Politexnik insitutuna daxil olmuşdu. O, gündüzlər işləyir, axşam şöbəsində oxuyurdu. Ali təhsilini tamamladıqdan sonra bir il Qara dəniz sahilində çox gözəl kurort şəhəri olan Gəlincikdə hərbi xidmətdə qulluq etdi. Hərbi xidməti başa vurduqdan sonra mikroelektronika sahəsində mühəndislik etməyə başladı. O həm də Politexnik İnsitutunun aspiranturasını bitirmişdi. Hətta bir müddət orada dərs də demişdi. 1982-90-ci illərdə partiya işləri ilə də məşgul olmuş və qapalı “AZON” zavodunda böyük nüfuz qazanmışdı, zavodun Partiya Komitəsinin katibi olmuşdu. Müstəqillik illərində ”Alunit” zavodunda baş mühəndis işləmişdi. 1993-cü ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Xüsusi Maşınqayırma və Konversiya Dövlət Komitəsi (indiki Hərbi Sənaye Nazirliyi) sədrinın birinci müavini vəzifəsində vicdanla çalışmışdir. Bir neçə il həm də komitə sədrinin səlahiyyətlərini icra etmişdir.O çoxsaylı hökumət komisiyalarında iştirak etmiş, 15-ə yaxın xarici ölkədə xidməti ezamiyyətlərdə olmuşdu. MDB məkanında sayılıb-seçilən mütəxəssislərdən idi. İlk hərbi sənayemizin yaradılmasında böyük zəhmət cəkmişdi. İndi onun yetişdirdiyi çoxlu sayda mütəxəssislər bu sahədə ölkəmizə lazımı fayda verirlər.
İşlədiyi dövrdə çox vaxt saglamlıgını unudurdu. Sabir Ələkbərov elə vəzifədə çalışarkən 2005-ci ilin oktyabrında dünyasını dəyişdi. Amma onun əməlləri və xatirələri yaşayır.
Sabir Ələkbərov gözəl ailə başcısı idi. Onun üç agıllı övladı var. O, həmişə ləyaqətli bir ata kimi onların qaygısını çəkmiş, boya-başa çatdırməş, alı təhsil vermişdir. Bu işlərdə, əlbəttə, ləyaqətli bir qadın olan Sürəyya xanımın fəaliyyəti də təqdirəlayiqdir. Övladlarının hər üçü cəmiyyətimizə , el-obamıza fayda verən insanlardır. Evlidirlər ,gözəl övladları var.
Sabir Ələkbərov böyük vətəndaş titulunu öz əməyi ilə və hörməti səviyyəsində qazanmışdı. O,ölkəmizin ictimai-siyasi həyatında daim yaxından iştirak etmişdi. O,1990-cı illərə qədər dəfələrlə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı secilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü idi. Xalqa, ictimayətə çox açıq adam kimi tanınırdı. 1999-cu ildə ona Respublika kütləvi informasiya vasitələri işçiləri həmkarlar ittifaqı tərəfindən “İnam” şərəf diplomu mükafatı laureatı adı verilmişdi.