Rövşən Həsənli - Kitabları.
Rövşən Qurban oğlu Həsənov (Həsənli), 1952-ci il oktyabr ayının 2-də Göycə mahalının Cil kəndində (keçmiş Ermənistan SSR Krasnoselo rayonu) dünyaya göz açıb.Orta təhsilini həmin kəndin məktəbində aldıqdan sonra, 1970-ci ildə, o vaxtlar Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olur. Ali təhsilini bitirib təyinatla Kəlbəcər rayonuna müəllim göndərilmişdi. Təyinat müddəti, yəni 3 (üç) ili başa vurduqdan sonra, öz doğma kəndimə qayıtmış, orada bu müqəddəs peşə müəllimlik fəaliyyətini davam etdirmişdir.Nakam qonşularımızın daim apardığı siyasətin, çirkin niyyətlərin üzündən, doğma el-yuvasında məqsədinə nail ola bilməyəcəyini hiss etdikdə, başa düşdükdən sonra Qazaxıstanın o zamanlar Şevçenko, hazırda isə, Aktau adlanan şəhərində məskunlaşmışdır. Uzun qürbət həyatı sürən Rövşən Həsənli Aktauda kimya sahəsində müxtəlif peşələrdə çalışmış, yaşadığı dövrdə heç vaxt Vətənlə əlaqəni kəsməmiş, həmişə elindən, yurdundan, yuvasından soraq almışdır. Aktauda daim həmyerlilərimizin bir olmasına çalışmış, diasporanın tədbirlərində yaxından iştirak etmiş, fəal üzvlərindən biridir.
Göyçənin
Dünya cənnət olsa, başdan-ayağa,
Mənim qibləgahım yenə Göyçədir.
İnamım, əqidəm, mənsəbim, dinim,
Qızıl barigahım yenə Göyçədir.
Alqayıt Xəlilov.
Bu fani dünyanın dönüklüyündən,
Nələr çəkməyibdi başı Göyçənin,
Silinməz tarixdir, dastandır, qardaş,
Hər qarış torpaği, daşı Göyçənin!
Odlar diyarının öz ocağıdır,
Sönməyən od-alov, köz ocağıdır,
Ustadlar diyarı, söz ocağıdır,
Tükənməz xəzinədir döşü Göyçənin!
Köksündə zamanın neçə dağı var,
Talanan elləri, bağça-bağı var,
Nə qədər kədərli, qəmli çağı var,
Çar olub çeşmindən yaşı Göyçənin!
Burda qılınc çalıb neçə hökmran,
Neçəsi qanına olubdu qəltan,
Burda nərə çəkib, neçə qəhraman,
Səslənir hələdə guşu Göyçənin!
O qarlı başında dumanlar, çənlər,
Alnının qırışı dərin dərələr,
Axan göz yaşından yaranıb göllər,
Biləmməz dərdini naşı, Göyçənin!
O nahaq qan görüb, haqq-divan görüb,
Neçə sultan görüb, neçə xan görüb,
Şahlar yola salıb, Süleyman görüb,
Qədimnən qədimdir yaşı, Göyçənin!
Düşmən caynağında inləyir indi,
Gözlərin yollara zilləyir indi,
Bizi uzaqlardan dinləyir indi,
Dönməz üzü bizdən kişi, Göyçənin!
Bağrını yağılar döndərib qana,
Başı qərb olubdur çənə, dumana,
Nəzər sal eynindən axan leysana,
Gəlməyib yadlardan xoşu Göyçənin!
Nələr görməyibdir zavallı diyar,
O ulu, o müdrik, kamallı diyar,
Başı qəm-qovğalı, nəvalı diyar,
Çox olubdur keşməkeşi, Göyçənin!
Silinməz köksündən nə düyün, nə dağ,
Dərdimə şərikdi Təbriz, Qarabağ,
Neçə ki, ayrilib düşübdü iraq,
Ötməz bir qumrusu, quşu Göyçənin!
Neçə yol çapılıb, o talansa da,
Neçə yol odlara o qalansa da,
Neçə yol ümman tək çalxalansa da,
Çaşmayıb heç zaman huşu, Göyçənin!
Dünyanın işini nə bilmək olar,
Nələr törətmiyib çərxi-kəçmədar,
Vaxt olar, qoynuna dönər övladlar,
Açılar qabağı, qaşı, Göyçənin!
Keçsə neçə zaman, ötsə neçə il,
Tarix haqsızlığı unudan deyil,
Gurlayar şeypurlar, vurular təbil,
Güllü yaza dönər qışı, Göyçənin!
Azəri yurdunun Babəkləri var,
Hələ son sözünü deməmiş onlar,
Çıxar öz qınından Misri qılınclar,
Düzələr, inşallah, işi Göyçənin!
Kəndimin
Ölümün qolları güclü olsa da,
Vətən məhəbbəti güclüdür ondan,
Bax bu məhəbbətdir aparan bizi,
Ağır döyüşlərə hər vaxt, hər zaman.
M. Cəlil
Hər kəsin öz yurdu doğmadır ona,
Qədrini bilərdim mən də kəndimin,
Hər fəsildə girər bir ayrı dona,
Vəsfini dinlə, gəl, sən də kəndimin.
“Əjdaha”, “Cərgəli”, “Göllərə” çatar,
“Hajməlik”, “Ayrımı”, Göyçəyə qatar,
Dağlara söykənib qoynunda yatar,
Bol olardı dövləti varı kəndimin.
“Dəliağada” fermaları tikilər,
“Çənli” boyu vələmiri əkilər,
“Ağ bulaqdan” kəndə suları gələr,
Çox təmliydi Çörək suyu kəndimin.
“Göy güneydə” mal-qoyunu yağlanar,
Payız gələcək bol məhsulu toplanar,
Xəstə gələn yay ayları, sağalar,
Loğman idi ab-havasi kəndimin.
Kəkotu, əvəlik, zirnic neməti,
Göyçə gölu onun gözəl zinəti,
“Pəri bulaği” suyu, ağ balıq əti,
Dadlıydı pendiri, balı kəndimin.
“Keçili qayasi” quzeyə baxır,
Buz kimi bulaqlar düzlərə axır,
“Armudluda” yatan o böyük naxır,
Dövlətinin bir qismiydi kəndimin.
“Arcıtlı”, “Nüy” qaçır çiriş bitirər,
“Böyük tala” yaxşi zirnic yetirər,
Məhləsindən bol bəhrə-bar götürər,
Varlanardi əhalisi kəndimin.
“Dana daği”, “Hajummətlə”, üz-üzə,
“Sulu dərə”, “Dana uçanla göz-gözə,
Yuxarıdan enəndə baxardın düzə,
Xoş gələrdi mənzərəsi kəndimin.
Bol taxıl yetirər gözəl “Ot yolu",
Mal yemi mənbəyi o “kollu qobu”,
Araba ləğv olub, yox idi yabı,
İşlərdi maşını qoşa kəndimin.
“Hajməlik” “Qatar qaya”, ”Ala göllər”
Vətəni Vətənlə bağlayan “tellər”,
İndi o diyarda nalan bülbüllər,
Naləsin dünyaya yayar kəndimin.
“Yerli” arcıdının heç rəngi solmaz,
Ürəkdəki boşluq Vətənsiz dolmaz,
“Cilsiz” Rövşənin qəlbi, şad olmaz,
Həsrətin çox çəkər doğma kəndimin.
“Pəri” bulağı
Bir yoxsul qürbətdə şah olsa əgər,
Hər axşam o, “Vətən” deyib ah çəkər.
Əssar Təbrizi.
Dağların köksündən süzülüb gələr,
Daglarin şəhdi, şəkəri bulağım,
Qəlbə şəfa verər, könül şad edər,
Suları həyat cövhəri bulağım.
Qiblə bulağiyla durub üz-üzə,
Nə qədər xoş gəlir seyr edən gözə,
Suları qarışıb axırlar düzə,
Düzlərin xeyir, səməri bulağım.
Sal daşın altından qaynayar, qalxar,
O bum-buz suları dup-duru axar,
Zümzümə eyləyər, nəğmə oxuyar,
Yurdumun nazlı dilbəri bulağım.
Sanki bir cənnətdir yanı-dövrəsi,
Kəsilməz yay fəsli, qonaq-qarası,
Min dərdin dəvası məlhəm, çarəsi,
Behiştin abi- kövsəri bulağim.
Deyirlər bir Pəri çox naçar olub,
Çarəsiz bir dərdə qız düçar olub,
Bulağım dərdinə bir açar olub,
O vaxtdan çağrılır “Pəri” bulağım.
Adı dodaqlarda, dillərdə gəzər,
Axarın, yatağın çiçəklər bəzər,
Fərahı Rövşənin qəlbini əzər,
Şöhrəti dillər əzbəri bulağım.
Göyçədə
Ömrümün qayğısız, kədərsiz çağı,
Ömrümdən ayrılıb qaldı Göyçədə!
Qəlbimi ovlayıb bir el gözəli,
Sevgi kəməndinə saldı Göyçədə!
Burda insanların xas olur soyu,
Ellincə bayramdır düyünü, toyu,
Bir qismət çörəyi bir qurtum suyu,
Elə bil, şəkərdi, baldı Göyçədə!
Hüsnün yaraşığı dillərdə gəzər,
Vəsfinə nə qədər deyilib sözlər,
Yaşadıb adını ərənlər, ərlər,
Oldu ilhamını aldı Göyçədə!
Təbiət yaradıb gözəl lövhəni,
Gözəllik ram edir, baxıb görəni
Elə bil, xalıdi çölü çəməni,
Hər çiçək bir naxış xaldı Göyçədə!
Bu yerdə hörmət də mərifət də var,
Gözəllik, məhəbbət qoşa yaşayar
Neçə Rövşən kimi qəlbdən yananlar,
İlk eşqin sazını çaldı Göyçədə!
Göyçə
Dostundan ayrılan yeddi il ağlar, vətənindən ayrılan bütün ömrü boyu.
Özbək atalar sözü.
Adından bəllidir bu diyar, bu yer,
Behiştdir, cənnətdir, göyçəkdir Göyçə.
Bağlari bəhrəli, bağçaları gül,
Çayırı, çəməni çiçəkdir Göyçə!
İnsanları sadiq, etibarlıdır,
Oğulu namuslu, qızı arlıdır.
Söykənib dağlara, dağ vüqarlıdır,
Hər sözü, söhbəti gerçəkdir Göyçə?
Sənət dünyasında ustadları var,
Silinməz, pozulmaz iz qoyub onlar,
O ulu adını tarix yaşadar,
Tarix tək müdrik, ağbirçəkdir Göyçə?
Yalçın qayasında qartallar süzər,
Çölünü, düzünü lalələr bəzər,
Gölündə ördəklər, sonalar üzər,
Gözəllik meyarı, mələkdir Göyçə!
Təbrizin dumanı qarlı başında,
Tarixlər uyuyur hər bir daşında,
Odlar diyarının odlu döşündə,
Çırpınan, döyünən ürəkdir Göyçə!
Vurğunam hüsnünə körpəliyimdən,
Adı bu Rövşənin düşməz dilindən,
Çıxmaz məhəbbəti saf ürəyindən,
Arzudur, niyyətdir, diləkdir Göyçə!
Gözləyir
Vətəni rüsvay etmək-ona xəyanət etmək deməkdir
V.Hüqo.
Vətən təhlükədə, Vətən dardadır.
Yollara dikilib, gözü, yoldadır,
Yaralı ürəyi intizardadır,
Ümidi bizədir, bizi gözləyir.
Başında dağların çəni, dumanı,
Dəyişib əhvalı, qaralıb qanı,
Ancaq bizə gəlir, bizə gümanı
Dərəsi, təpəsi, düzü gözləyir.
Tapdaq altındadır çəməni, çölü,
Oxumur bülbülü, xaralıb gülü,
Sonalar məskəni “o Göyçə qölü,
Gəlib təlatümə, özü gözləyir.
Pərilər məlhəmi “ Pəri” bulağı,
Şahlar yola salan məğrur Şah dağı,
Hajməlik, Qatar qaya, Çənli yaylağı,
Kəsilib yolları, izi gözləyir.
Qayada kəkliklər, düzdə turaclar,
O solğun çiçəklər, kollar, ağaclar,
Çobansız, tütəksiz yaşıl yamaclar,
Zalım zimistansız yazı gözləyir.
O həyət- bacalar, oturacaqlar,
O soyuq yuvalar, odsuz ocaqlar
O doğma ev-eşik, o künc, bucaqlar,
Doğma söhbətləri, sözü gözləyir.
Bizik bu torpaqdan cücərən bitən,
Nazla, nəvazişlə ərsəyə yetən,
Rövşən, köməyəinə çağırır Vətən,
Qeyrətli oğulu, qızı gözləyir.
Qürbət havalı şeirlər
Qürbətdə yaşayan Vətənsiz kəslər,
Daim Vətən deyib, Vətəni səslər.
Qəlbində gəzdirər eli, obanı,
Ürəkdən xalqına məhəbbət bəslər!
Bu sətirlər Vətəndən uzaqlarda yaşayan bir müəllifin — Rövşən Həsənlinindir.Əlyazmasını əmisi oğlu, Göyçə mahalının xeyirxah, xeyriyyəçi övladı, mənim dostum Qərib Həsənov nəşriyyatımıza təqdim etdi.
- Mənim doğmamdır, — dedi - Elə bilirəm ki, bu yazıların nəşrinə rəvac versək, oxucular üçün də maraqlı olar.
Mən onun dediyi kimi bu yazıları diqqətlə oxudum və onların çoxunun şeir olduğuna, ilhamlı, qaynar bir ürəkdən süzülüb gəldiyinə inandım.
Rövşənin şeirlərində axıcılıq var, səmimiyyət var, sözləri istidir, ürəyəyatımlıdır:
Məni Məcnun sanıb tənə edənlər
Leyli gözlərini duya bilərmi?
Düşsə pərvanə tək eşqin oduna
Bu yolda canına qıya bilərmi?!
Qədim saz-söz diyarı Göyçə mahalında dünyaya göz açan Rövşənin Aşıq Alı, Aşıq Ələsgər bulağından su içməsi, onun şeirlərinə bir şirinlik, bir təravət gətirib, qoşmalarına, gəraylılarına bir yaşarlılıq bəxş edib:
Nə gecəm var, nə gündiizüm,
Yollarında qalıb gözüm.
Tükənibdir səbir, döziim
Bağrım olub şana-şana.
İşlənilən qafiyələr təzə olmasa da (düzüm, gözüm, dözümj şeirin ritmi, ahəngi, deyilış tərzi xoşagələndir. Sözlərin yaxınlıgı, hissə, duyğuya mərhəmliyi dərhal hiss olunur.
Rövşən mövzuları ilə başqa şairlərdən seçilməsə də (o, da məhəbbətdən, təbiətdən, cəmiyyətdə baş verən olaylardan yazır) ifadə tərzi ilə, deyim özəlliyi ilə seçilməyə çalışır:
Gəlməyinə güman yox idi məndə,
Düzü inanmadım geri dönəndə.
Yaman yandırmışdı məni gedəndə
Yəqin ki, üşüyüb közə gəlibdir.
Örnək gətirilən bu bəndin axırıncı misraları ifadə orijinallığı ilə yadda qalır.
Sözümün əvvəlində dediyim kimi Rövşən Həsənli xeyli müddətdir ki, Vətəndən uzaqda — Rusiyanın əyalət şəhərlərinin birində yaşayır. Lakin onun vətənsiz, elsiz-obasız günü yoxdur. Duyğuları, ilhamı-istəyi doğma yurduna, əziz soydaşlarına bağlıdır.Qəriblik şairin ürəyinin sarı simindən keçir, o, qəribliyinə dözsə də, Vətənin qürbətdə qalan, işğal olunan ərazilərinin ağrı-acısına, göynəyinə dözə bilmir:
Bu qərib diyarda, bu vilayətdə,
Gözlərim yollarda, könlüm həsrətdə.
Görüşə bilmirik xeyli zamandır
Vətən də qürbətdə, mən də qürbətdə.
Bu şeirdəki sərrast deyim, özünəməxsus poetik yaşantı göz qabağındadır.
"Oürbətdən gələn səslər" kitabında belə yaşantılar boi-boldur. Yaxşısı budur ki, kitabı diqqətlə oxuyaq, onda mənim demədiklərimi də özünüz deyəcəcəksıniz.
Musa Ələkbərli