Abbas Mazanov - Əli Məmli oğlu haqqında xatirələrim.
Ən çətin işlərdə Əli Məmli oğluna arxalanmaq olardı.1941-ci ildə Almaniyanın SSRİ-yə qarşı başladığı müharibə demək olar ki, bütün ölkələrə ciddi ərzaq qıtlığı vermişdi. Müharibədən keçmiş on beş ildən çox vaxtlarda bu ərzaq qıtlığı bütün ailələrə çox pis təsir göstərirdi. Tək-tək ailələr olardı ki, onlar illik azuqədən korluq çəkməzdi. Əkinçiliyə diqqət unudulmuş, ərzaq qıtlığı baş alıb gedirdi.
1962-ci ilin sentyabrında kəndimizə kolxoz heyət sədri göndərildim. Olmazın qapılara üz tutaraq Basarkeçər sədr tanışlarımdan dövlətin Leninakan bazasından, üzümüz tutulan yerlərdən 150 tona kimi taxıl əldə etdik. 900 hektara kimi taxıl səpdik. Əl ilə biçiləcək sahələrdə xeyli payız səpini apardıq. Gözümə gələn yerlərdə səpin aparırdıq. Bir gün bir ağsaqqal mənə dedi ki, bu qədər səpirsən, bunu toplamaq da var. Deyirlər nitq Allahdandır. Cavab verdim ki, əgər qismət olub bitsə o, özü-özünə toplanacaq. 1963-cü ildə çox bərk yağanlıq oldu.Demək olar ki, daşın üstündə də taxıl bitmişdi.Oraqla taxıl biçmək cillilər üçün əsl peşə idi. Taxılı toplayırdıq. Ancaq qurutmağa yağış imkan vermirdi. İmkan daxilində dövlətin tədarükünü biz artıq əlavəsi ilə ödədik. Toxum fondu ehtiyatını da götürdük.
Taxıl yığıldı, onu saxlamaq mümkün deyildi, əhalinin bu keçən ildəki çətinlikləri də göz önündə idi. Kənddə nə edəcəyimiz haqqında çətinliklər yaranmışdı. Nə edəcəyimizi Əli Məmli oğlu, İsbəndər Mamedov, Oruc Qurbanov, M.Vəliyev və başqaları ilə məsləhətləşdik, belə nəticəyə gəldik ki, taxılı avans kimi birbaşa camaatın zəhmət haqqına paylayaq. Sənədlər hazır oldu. Bu iş təcili olmalı idi. Çünki rayon buna imkan verməzdi. Yenidən bizdən taxıl tələb edirdilər. Belə bir şərt qoyduq ki, hər 100 kq taxıl üçün 10 faiz yaşlığa görə güzəşt olmalıdır.Bölgü təcili aparılmalı idi. Həmin gün RPK və RİK xəbər tutur ki, biz taxılı avans olaraq kolxozçulara paylayırıq. Təcili gecə məni RPK-nə çağırdılar. Mən çox fağır bunların qarşısında susdum. Onu dedim ki, tədarükü vermişik, toxum fonduna götürmüşük, əlavə taxıl xarab ola bilərdi, yağış bizə imkan vermir ona görə etdik. Rayonda tədarük müfəttişi Məcid Ağayevə ciddi tapşırıq verdilər ki, bu saat get gecə vedemostu gətir qoyma taxılı paylamağa, gətir bütün sənədlləri rayona. Biz gecə buradan çıxdıq.Rayon mərkəzində yaşayan bir kürd bizi uşağının toyuna dəvət etmişdi. Mən xahiş etdim ki, Məcid yaman yorulmuşam, sən toyda iştirak et, səhər tezdən maşın səni gəlib gətirər.Onsuz da gecə nə edəcəyik? Məcid Ağayev mənimlə razılaşdı.Məcid aralandıqdan sonra telefonla Əli Məmli oğlu ilə danışdım. Bildirdim ki, bu gecə o avans qurtarmasa taxılın sahibi deyilik. Əli Məmli oğlu elə etmişdi ki, səhərə bütün taxıl paylanmış, vedemostlar hesabfdarlığa götürülmüş, bağlanmışdır.
Səhər Məcid müəllim gəldi gördü ki, taxıl paylanıb, vedemost da bağlanıb.Rayona zəng etdi, vəziyyəti bildirdi. Əli Məmli oğlunun qeyrəti bizi o xatadan qurtardı. Peyğəmbərimiz buyurmuşdur ki, insan valideyinlərindən çox düşüdüyü mühitə oxşayır. 1941-ci ildə alman faşizminin başlatdığı müharibə bizi yaman yerdə yaxalamışdı. Onda, biz uşaqların təxminən 10-13-14 yaşı yenicə tamam olmuşdu. Mən, 19 mart 1929-cu ildə anadan olmuşam. Yaxşı qonşum, simsarım Əli Tanrıverdiyev məndən on gün böyük idi, həmişə bərabər çalışırdıq. Biz yaşıd uşaqlardan Hüseyin Sadıqov, İsrayıl Məhərrəmov, Mehralı Abbasov, Abbas Abbasov, Yahya Hüseynov, Allahverdi Sadıqov, Hümmət Abbasov, Fərman Namazov, Qurban Cavadov, Bayram Mustafayev, Namaz Mustafayev, Cəfər Mamedov, balakişi Abbasov, Daşdəmir Tağıyev bir sözlə bütün uşaqlar bu ağır zülmdə idik. Yaş və qbiliyyətimizdən ağır işlər demək olar tam bütünlüyü ilə qocaların, qadınların və bizim üzərimizdə idi. Tale elə gətirmişdi ki, mən həmişə Əli Məmli oğlu ilə eyni sahədə çalışırdıq.
1943-cü ilin fevralında Krasnoselo kolxozundan bizim kolxoza toxum vermişdilər. Biçin vaxtı kolxozun taxılını RPK 1-ci katibi Martirosyanın tapşırığı ilə və nəzarəti ilə xırmandan birbaşa dövlətə götürürdülər. Ona görə toxum olmadığı üçün başqa yerlərdən bizə toxum verirdilər. Biz bir neçə gün rayon mərkəzindəki kolxozda qalmaqla həmin toxumu əldə etdik. Soyuq fevral günüdə həmin taxılı yükləyib yola düşdük. Darama keçidində arabalar çıxa bilmirdi. Bizim ağsaqqal yoldaşlarımız həmin arabalara köməyə dayandılar. Bizim arabalarımız, Əlinin və mənim həmin keçidi çıxa bildi, öküzlər arabaları düz Ağbulaq kəndinə çatdırdılar. Bərk boran idi, qrıxmış öküzlər arablarımızı kəndin girəcəyindəki bir həyətə çatdırdılar. Evin sahibi çıxıb gördü ki, həyətdə iki araba var. Bu qoca mat məəttəl qaldı. Ay oğul bu boranda necə gəlib çıxa bilibsiniz, kişi öküzləri tövlədə yerləşdirdi. Taxıla özü də kömək etdi evə boşaltdıq. Bizim böyük yoldaşlarımız səhər gəlib bizi tapdılar. Bərk qorxmuşdular, bizi danladılar. O biri yoldaşlar isə onları tənbeh etdilər ki, bunlar igidlik edib sağ-salamat gəlib bura çıxıblar. Mən yüzlərlə belə əhvalatları qeyd edə bilərəm.
Nəhayət böyüdük, mən kolxoz sədri, Əli isə kəndimizin ən gözüaçıq fəallarından idi. Əli Məmli oğlu kəndimizdə mənimlə birlikdə 26 ildən çox kənd sovet sədri və s. əsas işlərdə çalışıb. Kəndi demək olar ki o ağır vəziyyətdən çıxara bildik.
1964-cü ildə Əli təklif etdi. Ağsuyun quzeyindəki bulağı kəndimizə gətirmiyə bacardıq. Allah Əliyə rəhmət eləsin. Mən o qədər cəsarət etmirdim. Əli dedi ki, sən narahat olma, elə də layihə omadan camaatın gücü ilə həmin suyu gətirdik və evlərə su verdik. Əli Məmli oğlu mən riskə getməkdən çəkindiyim çox belə işlərin təşkilatçısı oldu. O vaxt mexanik İsfəndiyar Abbas oğlu, Oruc Rüstəm oğlu, İsmayıl Aydın oğlu bu işlərin çox böyük təşəbbüsçüsü oldular. Bir daha mən onlara Allahdan rəhmət diləyirəm. Görülən işlər mənim adıma olmuşdur.
Valideyn kimi 8 övladının hamısını tərbiyəli, zəhmətkeş, vətənpərvər ruhda böyüdüb boya-başa çatdırmışdır. Övladları hal-hazırda müxtəlif dövlət orqanlarında və başqa sahələrdə fəaliyyət göstərirlər. Səmimiyyətləri, vətənpərvərlikləri ilə daim öz işlərində də ataları Əli Məmli oğlu kimi hörmət qazanmış, ad-san çıxarmışlar.