Ana Səhifə /Cillilər /Şairlər /Rafiq Göyçəli

Post Title

Rafiq Göyçəli- "Qəm dəryası".

Həyatı və yaradıcılığı

Rafiq Göyçəli Göyçə mahalının Cil kəndində anadan olub. "Qəm dəryası" kitabı şair Rafiq Göyçəlinin oxucularla ilk görüşüdür.Şairin bəzi şerlərini oxucuların diqqətinə çatdırırıq.

QALIBDI

Şah dağının ətəyində kök salan,

Göyçə gölü Göyçəmizdə qalıbdı.

O torpaqdan qidalanan, dərs alan,

Alim, təbib künc, bucaqda qalıbdı.

Çırağımız yanmaq üçün yaranıb,
Yanan çıraq hisə, pasa qalanıb,
Göyçəmiz də tikə-tikə doğranıb,
Yarasından dağ sinəmdə qalıbdı.

El-obalar pərən-pərən düşdülər,
Allahdanmı, taledənmi küsdülər,
Əhd peymanı Göyçəmizdə kəsdilər,
Ələsgərim Göyçəmizdə qalıbdı.

Millətimi elsiz, yurdsuz qoydular,
Nəsimi tək dərisini soydular,
Qaniçəmlər qandan içib doydular,
Məzarımız Göyçəmizdə qalıbdı.

Qan ağlayır şır-şır axan bulaqlar,
Qara geyib gözəl-gözəl yaylaqlar,
Sızıldayır sal qayalar, torpaqlar,
Bağ-bağçamız Göyçəmizdə qalıbdı.

Qaçan qaçdı, can qurtardı yağıdan,
Qalanlar da güc dilədi Tanrıdan,
Gözlər şişib ağlamaqdan, ağıdan.
Sağlam ruhlar Göyçəmizdə qalıbdı.

Baş daşları, göz yaşları axıdır,
Allahınmı, bəndəninmi ahıdır,
Bir günbəz var qibləgahıdır,
İmamımız Göyçəmizdə qalıbdı.

Dar keçidlər, dar cığırlar tutulub,
Ümidimiz hər tərəfdən qurtulub,
Ağlamaqdan üz, gözümüz yorulub,
Ürəyimiz Göyçəmizdə qalıbdı.

İllər ötdür dağ çayları durulmur,
El gözündən göz yaşları qurumur,
Rafiq bu zillətdən yazır yorulmur,
Ümidimiz Göyçəmizdə qalıbdı.

DEYİR

Bu qaynar sinəmdə inləyən könlüm,
Gör nələr söyləyir, gör nələr deyir.
Od alov çiləyən avazım, ünüm
Gör niyə sızlayır, gör nələr deyir.

Həyatda yamanca tənhalanmışam,
Alova bürünüb, közə yanmışam,
Bir kasıb komada yetim qalmışam
Darıxan ürəyim gör nələr deyir.

Ellərin gözündə qaynar od oldum,
Şəffaf bulaq idim, seldə bulandım,
Alova büründüm, oda qalandım,
İnləyən ürəyim gör nələr deyir.

Taleyimi şerə, sözə bağladım,
Vətən üçün hönkür-hönkür ağladım,
Qarabağın yarasına dağlandım,
Titrəyən ürəyim gör nələr deyir.

Gül üzlərdə dərdin, qəmin izi var,
Sinələrin alovu var, közü var,
Torpağımda yad ellərin gözü var,
Nigaran ürəyim gör nələr deyir.

Yenə cuşa gəldi bu qaynar sinəm,
Sevgisi puç olmuş yazıq Rafiqəm.
Dilən, ay biçarə, məhəbbət dilən-
Dğlanan ürəyim gör nələr deyir.

GÖYÇƏNİN

Necə kövrəlməyim, necə şadlanım,
Dağlayır sinəmi dağı Göyçənin.
Alova büründü, oda qalandı,
Yandırır vücudum, halı Göyçənin.

Hər eldə, obada yaşıl çəmənlər,
Qoynunda yetişdi alimlər, ərlər,
Boynunu bükübdü al bənövşələr,
Yandırır ciyərimi, dağı Göyçənin.

Tale niyə qıydı ulu yurduma,
Neçə-neçə bəxtsiz qıza, qadına,
Qaynadı, alışdı torpaq oduna,
Yandırır sinəmi, çağı Göyçənin.

Bunu nə Tanrımız, nə bəndə bilir,
Eşidən dinləyən riqqətə gəlir.
Kimsəsiz, köməksiz ruhlar dillənir-
Yandırır dilimi, ahı Göyçənin.

Hardasan, ay Allah, ey ulu babam,
Niyə gücsüzlərə çəkmədin əncam,
Qoynunda uyuyur körpəcə balam,
Yandırır qəlbimi, varı Göyçənin.

Darıxırsan, darıxmağa haqqın var,
Kövrəlirsən, sızlayırsan hər bahar,
Rafiq pişvazına gəlmir, a dostlar-
Yandırır köksümü, haqqı Göyçənin.

NAXÇIVANDADI

Könüllər oxşayan, gözlər güldürən,
Ömrümün baharı Naxçıvandadı.
Şairlər yetirən ən gözəl vətən,
Sənətkar siması Naxçıvandadı.

Gözəllər məskəni sevimli diyar,
Soyuq bulaqları könlümü oxşar,
Ulu tariximdən qalıb yadigar,
Alınmaz qalalar Naxçıvandadı.

Azəri yurdunun uzaq məkanı,
Köksümə sığmayır şöhrəti, şanı,
Unutma sevgilim, doğma ananı,
İgidlər vətəni Naxçıvandadı.

Rafiq camalına heyran olubdu,
Mahnılar bələyib,sözlər qoşubdu,
İlhamını bir gözəldən alıbdı,
Ellərin vüqarı Naxçıvandadı.