Ana Səhifə /Cillilər /Şairlər /Rəhimov Münasib

Post Title

Rəhimov Münasib Salman oğlu.

Həyatı və yaradıcılığı

1967-ci ildə Ermənistan Respublikası Krasneselo rayonunun Cil kəndində anadan olmuşdur. 1988-ci ildən Göygöl (Xanlar) rayonunun Şəhriyar kəndində yaşayır.

Hələ qönçə ikən vüsal çiçəyim,
Xəzan yarpağı tək saraldı neynim,
Qurudu, puç oldu arzum, istəyim
Sevgi gülşənimi xar aldı, neynim

Sən gəldin ömrümə ötən səs kimi
Quru xəyal kimi, bir nəfəs kimi
Sən getdin, gen dünya dar qəfəs kimi,
Sevdalı başıma dar oldu neynim

Düşdükcə yadıma o sənli dəmim,
Yenə qoşun çəkir kədərim, qəmim
Mənim ki, təhnadır, tənha ürəyim
Kim necə yar sevdi, yar aldı, neynim.

******************************

Bəlkə də son dəfə baxdım o yurda
Şəkli ruha hopdu, gözümdə qaldı
Vətənə aparan yollara çıxdım
Yoruldum, ağrılar dizimdə qaldı

İblisiymiş bildiyimiz mələk də,
Nicat yolu "baxarıqda", "görəkdə",
Qəhər boğazımda, əzab ürəkdə
Ah-nalə dilimdə, sözümdə qaldı

Yüz il yaşayıram indi bir ildə
Qəmim varlığımda, fəryad könüldə
Zülm hakim olan, məhkum bir eldə,
Söndü ocağım da, gözümdə qaldı

Neyçün bizə gəlir, gələn qan-qada,
Tanrı özün yetiş haray dada
Gülüm, gülüstanım, torpağım yada
Kədərim, möhlətim özümdə qaldı.

Aşıq Müseybin xatirəsinə..

Yaşın tən yarısı qürbətdə keçib,
Ömür bax beləcə talanır usta
Bu qədər kədərin, möhnətin üstə
Hər gün bir təzə dərd qalanır usta

Çətin bir də sevinc gələr bu ömrə
Lənət belə bəxtə, elə bu ömrə
Nədənsə niskillər hələ bu ömrə
Bir ucdan qalanır, qalanır usta

Əfsanəymiş taleyim də, özüm də
Dünya heçə dönüb, heçdir gözümdə
Nalələr dilimdə, yaşlar gözümdə
Fikrim haraları dolanır usta

Zəki İslama.....

Yenə Göyçə, Göyçə dedin ağladım
Yaman yazıq olduq biz Zəki dayı
Çox yaz sən də, mən də, daşdır ürəklər
Daha kar eləmir söz Zəki dayı

Qələmin kağızın özünə sirdaş
Öz elin, öz ellin özünə qardaş
Kömək olsun saxladığın "qara daş"
Tale verən dərddi döz, Zəki dayı

Vallah çürüyərsən olsan da dəmir
Hələ biz deyəni fələklər dəmir
Biri istəyirsə, beşi istəmir
Qəddini şax saxla, gəz Zəki dayı

******************************

İztirab var, müsibət var, ələm var,
Nə sevinc var, nə nəşə var, nə dəm var,
Nə sevinən, nə də deyib-gülən var
Vallahi bu yara sağalan deyil

Zaman təlatümdə dayanmır qəti,
Bizə tuş elədi qəmi, zilləti
Kim çəkəcək belə dərdi, möhnəti
Vallahi bu yara sağalan deyil

Qanunlar saxtadı, vədələr yalan,
Nə dada çatan var, nə yada salan.
Nə dərdi bilən var, nə dərdə qalani
Vallahi bu yara sağalan deyil.

Daha heç sabaha güman da yoxdu,
Etibar da, əhd-peyman da yoxdu
İlqar da kəsilib, iman da yoxdu,
Vallahi bu yara sağalan deyil.

**********************************

Xeyli vaxt ötsə də vallah o gündən
Elə çovğun, boran, qar vurur məni
Elsiz qəm-kədərim dönüb ümmana
Gecəm-gündüzüm də dar vurur mənə

Axı mən insanam qohum yadım var
Cismim var, canım var, axı adım var
Şahin vüqarlıyam qol-qanadım var
Elsiz ucalıram sar vurur məni.

Elin gül bağında bir güləm mən də
Zəmidən tək düşmüş sünbüləm mən də
Gözəllik dəlisi, bülbüləm mən də
Gülə meyl edirəm xar vurur məni

Bir dərin dərəyəm selsizəm Allah
Gülşən becərmişəm, gülsüzəm Allah
Elimlə bir yerdə elsizəm Allah
Özün yetiş ahu-zar vurur məni.