Ana Səhifə /Cillilər /Şairlər /Rüstəmli Fərzalı

Post Title

Rüstəmli Fərzaı Abbas oğlu - Hikmət Damlası kitabı (2015).

RUHANİ DUYUM, İNSANLIQ SƏSİ

Tez-tez söylənən, təəssüf doğuran bu ifadə, yəqin ki, hər kəsə tanışdır: “Sözün bitdiyi bir zamana gəlib çıxdıq”. Doğradanmı, belədir? Fərzalı Rüstəmimin öz poetik təfəkkürü ilə mənalandırdığı “Hikmət damlası”ndakı söz isə bu ifadənin əksini bir daha ortaya qoyur. Bu sözün hikmət ovqatına qatıldıqca, eyni ruhdan qopmuş rəngarəng məna çalarlı şeirlərdən başlanan yola bələd olduqca, sözün yeddi qatdan keçən bir nəsnə olduğuna bir daha əmin olursan.

Hər bir işin öz adamı,

Sözü duyar söz adamı.

Bölüşməyə kimsə varmı,

Yandıranda köz adamı?..

Və yaxud:

Pulun nə ziyanı olsa cibində,

Haqqın rəhmətidir, bərəkətidir.

Ancaq məhəbbəti olsa qəlbində,

Bax onda insanın fəlakətidir.

“Hikmət damlası” adlanan poetik söz sərgisini qəlbində Tamı işığı olan bir söz adamının dünyanı ruhani duyumu, Tamı işığına bürünən türküləri bəzəyir. Buradakı poetik ovqat, deyim söz xatirinə söz, fikir xatirinə fikir deyil, insanlıq işığından mənəvi zövq alan bir qələm sahibinin poetik sözün predmetinə çevirdiyi Tamı sevgisi, insanlıq səsidir.İdraki və təfəkküri süsgəcdən süzülüb gələn, könül nəğməsi tək səslənən bu şeirlər ruhumuzda irfan işığı yandırır.Müdrikliyi məna tutumunda əxz olunan bir deyim var: “Dəryaları damlalar, səhraları qum dənələri yaradır”. Fərzalı Rüstəmlinin müəllifi olduğu şeirlər toplusuna ad seçimi də, məncə, ( “Hikmət damlası”) bu mənanı özündə ehtiva edir.

Əxlaqi gözəllik və mənəvi təmizliyi özündə ehtiva edən bədii təfəkkür örnəklərinə mənəvi aləmi zənginləşdirmək baxımından hər zaman ehtiyac duyulur.Bəlli bir həqiqətdir ki, cəmiyyətin tərəqqisi, inkişafı bir çox hallarda insanların mənəviyyatca, əxlaqca kamilliyindən, cəmiyyət qarşısında özünün ictimai borcunu şüurlu olaraq dərk etməsindən asılıdır. Təbii ki, əxlaq insanların dünyabaxışı, əqidə və inamı ilə sıx bağlıdır. Bu baxımdan Fərzalı Rüstəmlinin şeirlərinin çağırış motivli təlqinləri diqqət çəkir. Bu poetik örnəklərin ehtiva etdiyi qayə ictimai tərəqqi və inkişafın insanın əxlaqi kamilliyi, mənəvi zənginliyi ilə bağlılığını xüsusi vurğulayır.F.Rüstəmlinin əxlaq fəlsəfəsi Allaha inama dayaqlanır.Onu da qeyd edək ki, texniki yüksəlişin sürətlə getdiyi bugünkü industrial dünyada dini və dünyəvi əxlaq arasında mühüm fərq özünü qabarıq şəkildə göstərir. Amma bir məqamı yaddan çıxarmaq olmaz ki, dini əxlaq Allaha inanmağı əsas tutur.

F.Rüstəmlinin fəlsəfi baxışları islam dininə, türk psixologiyasına söykənir və mili soykökümüzlə bağlıdır.Böyük mütəfəkkir Ərəstunun (Aristotel) “Poetika“ əsərində belə bir fikri var: “Həyəcanlanmayan həyəcanlandıra bilməz”. Zaman-zaman öz sanbal və dəyəri ilə qədimliyi qədərincə müasir səslənən filosofun bu həqiqətinə Fərzalı Rüstəmimin şeirlərini oxuyanda bir daha inandım. “Düşdümü eşqin atəşi” şeirindən doğan təsirlənmə tək:

Açar qəlblərin gözünü,

Gözəl tanıdar özünü.

Görən bir kərə üzünü,

Eşq bağında bülbül olar.

Vüsaldır təkcə gümanı,

Can nədir ki- verər canı.

İstəməz dərdə dərmanı,

Dərd aşiqə dərman olar.

Şübhəsiz ki, söhbət ilahi eşqdən gedir.

Qutsal Kitabımız Qurani-Kərimdə -İlahi kəlamında buyurulur: “Şairlərə sapmışlar, pərəstişkar adamlar tabe olarlar. Məgər görməmisənmi, bir söz vadisindən o birisinə keçərkən onlar necə hədlərini aşırlar, (yəni nə həcv, nə də mədhiyyə qoşmaqda sərhəd gözləmirlər). Eləmədiklərini “eləmişik” - deyərlər. Ancaq başqa şairlər də var, bunlardan deyil onlar. O şairlər ki, iman gətiriblər, saleh işlər görüblər. Allahı tez-tez anıblar (Qurani-Kərim, Şuəra surəsi, ayə 224-227).

Poeziyasının mayasına Xaliqə məhəbbət, xilqətə mərhəmət ruhu hopmuş Fərzalı Rüstəmlinin şeirlərinin havası, qayəsi bizə əsas verir deyək ki, o, müqəddəs Kitabımızın təqdir etdiyi şairlərdəndir.Bəli, “Hikmət damlası”ndakı şeirlər Haqqa sığınan söz adamının ruhani duyumu, insanlıq səsidir.

Tapdıq Əlibəyli

şair-publisist, tənqidçi,Azərbaycan Yazıçılar Birliyinin,Azərbaycan Jurnalistlər Birliyinin üzvü,“Heyrət” dərgisinin baş redaktoru,“Qızıl qələm” mükafatı laureatı

Kitabın tam versiyasına aşağıdakı linkə daxil olub baxa bilərsiz:

Hikmət Damlası- Fərzalı Rüstəmli