Ana Səhifə /Cillilər /Şairlər /Sadıqov Zakir

Post Title

Sadıqov Zakir Hüseyn oğlu- Haray dünyam, haray.

Haray dünyam, haray

Sadıqov Zakir Hüseyn oğlu 1953-cü ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. İxtisasca kimyaçıdır. Taleyinə didərginlik yazılan ziyalılarımızdandır. Hal-hazırda Daşkəsən rayonunun Quşçu kəndində müəllim işləyir.

Haray dünyam, haray" müəllifin oxuculara ilk töhvəsidir. Kitabda xalqımızın yurd-yuva həsrəti, onun göynədici harayı, umub-küsdüyü ağlı-qaralı, acılı-şirinli dünyadan aldığı təəssüratlar və bir də gəncliyin həzin pıçıltıları qələmə alınmışdır.Ümidvarıq ki, kitabda gedən yazılar şeir-sənət xiridarlarının ürəyincə olacaqdır.

GÖYÇƏ
Yenə xəyallara sığışammadım,
Fikirlər qoynuna aldı Göyçədə.
Uşaqlıq illərim - şirin xatirə,
İçdiyim sular da baldı Göyçədə.

Gəzdim haraylarda eli-elatı,
Töküldü başımdan barı-baratı.
Dindi ürəyimdə toyu-büsatı,
Şirincə söhbətim qaldı Göyçədə.

Səksəndi yuxudan darıxan obam,
Təngidi nəfəsi qor alan sobam.
Bir möhlət istədi Ələsgər babam,
Toxundu simlərə çaldı Göyçədə.

Zakirəm, əridi dağların qarı,
Ötüşdü ömrümün neçə baharı.
Coşdu obaların buz bulaqları,
Məni kəməndinə saldı Göyçədə.

BU KƏND

Bu kənd bil Toxlucadı,
Ucadan da ucadı.
Başı dumanlar döyər,
Tarixdən də qocadı.

Bu kənd də Ağbulaqdı,
Suyu şəffaf bulaqdı.
Aşıq, ozanlar yeri,
Təzə müjdə, soraqdı.

Bu kənd, qardaş, Şorcadı,
Dağı dağdan ucadı.
Döyəcləyər ləpələr,
Göyə qapı, bacadı.

Bu kənd də Ardanışdı,
Yal-yamacı danışdı.
Gəl kirmiş nəzər eylə
Hər şey özü tanışdı.

Bura Dərə, Pəmbəkdi,
Nəhəngdən də nəhəngdi.
Ağacları göy dələr,
Yerə, göyə örpəkdi.

Bu Güneykərd, Şişqaya
Halaldır, halal paya.
Var-dövlət beşiyidir
Gətirmirəm mən saya.

Bu da Məzrə, Canəhməd
Göyərər burda zəhmət.
Torpaq burda həyatdır,
Torpaqdadır hər hikmət.

Bu da Göysu, Kəsəmən,
Yağış döyən, qar döyən.
Burda çinarlar olur,
Başı buluda dəyən.

Bu kənd də Qaraiman,
Burda alış, burda yan.
Mənə cənnət görünür,
Getmə qardaş, bir dayan.

Bu kənd də Ağkilsədi,
Məndən şeir istədi.
Dindi Ələsgər, İman
Aşıq Səfər üstədi.

Bu da Zod, Nərimanlı,
Dörd yanı xanimanlı,
İlham burda çağlayır
Necə də dəliqanlı.

Bu kənd adı Qanlıdı,
Qanlıdan da qanlıdı.
Sən Allah, bir sözə bax -
Özü xoş, mehmanlıdı.

Bu Əzizli, bu Daşkənd,
Bu Güneykənd, bu baş kənd,
Bu da Sarıyaqubdu,
Söyləyim de neçə bənd.

Bu kənd Qaraqoyunlu -
Qızları boy-buxunlu.
Çal-çağıra bura gəl,
İgidləri oyunlu.