Ana Səhifə /Cillilər /Şairlər /Tağıyev Bayraməli

Post Title

Tağıyev Bayraməli Vedi oğlu(Bayram Göyçəli).

Həyatı və yaradıcılığı

1954-cü ildə Qərbi Azərbaycanın Çənbərək rayonunun Ulu Göyçə mahalının Cil kəndində ziyal; ailəsində anadan olub.1967-ci il həmin kəndin 7-ci sinfini qutarıb 1971-ci il Gəncədə 18 N-li şəhər orta məktəbini bitirib.1981-84-ci illərdə Leninqrad(indiki Sankt-Peterburq) aviasiya texniki məktəbini,sonra Milli Aviasiya Akademiyasını,1977 -1979-cu illərdə Partiya sistemi təhsilində Ali siyasi təhsil alıb.Azərbaycan K.İ.V.İ.H.İ. Rəyasət heyətinn qərarı ilə "Xalqın Nüfuzlu Ziyalısı" Fəxri Diplom və "Azərbaycan bayrağı” mükafatı laureatı diplomu ilə təltif edilmişdir.Azərbaycan jurnalistlər birliyinin üzvüdür,Qızıl Qələm mükafatı laureatıdır.”Xatırlaram Yana-Yana Göyçəni”,”Unudulur Göyçəm mənim " kitablarının müəllifidir.1975-ci ildən "Azərbaycan Hava Yolları Mülki Aviasiya”sistemində müxtəlif vəzifələrdə,hal-hazırda "Azərbaycan Hava Yolları”QSC-Uçuşların təhlükəsizliyi idarəsinin "Gəncə”Beynəlxalq hava limanında Uçuşların təhlükəsizliyi və nəzarəti üzrə inspektor vəzifəsində çalışır.

Danışaq
Yada salaq Göyçəmizi bir anlıq
Sazlı-sözlü günlərdən danışaq
Günəş gülsün yoxa çıxsın qaranlıq
Sevinc dolu o illərdən danışaq.

Təbiətin ən füsünkar çağları
Yada düşür göyçəməni,bağları
Sarı çiçək,kəkotulu dağları
Şirin sulu Göyçəgöldən danışaq.

Ağbulaqdan Şorca boyu dolaşıb
Ardanışdan Cil kəndinə yanaşıb
Babacan,Dərədən Pəmbəyə aşıb
Şişqayadan,Nərimannıdan danışaq.

Basarkeçər Zodda qızıl mədəni
Ayırmazdı nə mərdi nə gədəni
Qoynuna alardi gəlib-gedəni
Yurdumuzda bol sərvətdən danışaq.

Cənnətə bənzərdi baharı-yazı
Yetmiş iki hava sədəfli sazı
Ağkilsə olubsa arzu-murazı
Sinədəftər Ələsgərdən danışaq.

Daşkənddə ziyarət məkanı olan
Pənah gətirənə köməyə çatan
El-obaya Göycəmizə səs salan
Seyid Bayram ocağından danışaq.

Saymaqla qurtarmaz kəndlər-obalar
Doğma yurdumuza sadiq qalanlar
Gülüstana bənzər Qoşabulaq var
Millət qədri bilənlərdən danışaq.

Böyük Şəxsiyyətlər yetirib Vətən
Bəzi Dahiləri itirib Vətən
Unudulmur heç vaxt el dərdi çəkən
Yeni nəsil ərənlərdən danışaq.

Şairlər məskəni Göyçə elindən
Aşıqların ustadların dilindən
Ruhani,Dilqəmi Göyçəgülündən
Naz-qəmzəli gözəllərdən danışaq.

Şah dağından bir Cilə bax,tək qalıb
Göyçə adlı bir Gölə bax,tək qalıb
Şer deyən bir dilə bax,tək qalıb
Həsrət gözlü o yerlərdən danışaq.

Qoynunda boy atdim,gəzdim Göycəni
Qınamayın, başa düşün ,siz məni
Sevda dolu o,muqəddəs çeşməni
İtirdiyim o günlərdən danışaq.

Göyçə-Qarabağdan könül intizar
Millət özü əgər verərsə qərar
Qələbə şəninə dəm-dəsgah qurar
Şuşa,Laçın,Kəlbəcərdən danışaq.

Qarabağ ürəyi cümlə-cahanın
Göyçə sağ qoludur Azərbaycanın
Ucalsın göylərə Vətən Bayrağın
Bütöv Yurddan bu ellərdən danışaq.

Yurdum Oğuz Yurdu elim müqəddəs
Babam Dədə Qorqut dilim müqəddəs
Yayıldı aləmə sehirli bir səs
Qızıl Qələm Göyçəlidən danışaq.

Xalq arasında böyük nüfüz qazanmış el-obanın istəkli şairi Alqayıt müəllimin xatirəsinə vəsf edilir.

DÜNYAM QARALDI

Qucağında boya-başa catdığın
O uca dağları,duman-çən aldı
Xan çinarın kölgəsində yatdığın
Ağacların budaqları saraldı
Vücudum od tutub,dünyam qaraldı

Yolunu gözlədi Alı-Ələsgər
İyirmi beş il keçdi şair,sərasər
Dedilər ya bu gün,ya sabah gələr
Ey şair görüşün Allaha qaldı
Vücudum od tutub,dünyam qaraldı

Deyəsən hiss edib o Göyçə gölü
Üstü buz bağlayıb tutulub dili
Eşitmək istəyir,bir Göyçəgülü
Bulaqlar da susdu,xəyala daldı
Vücudum od tutub,dünyam qaraldı

Birazdan yaz gəlir,güllər-çiçəklər
Nərgiz,tər bənövşə yolunu gözlər
Göyçə həsrətilə yazdığın sozlər
Döndü əfsanəyə,sanki xəyaldı
Vücudum od tutub,dünyam qaraldı

Söz deyəndə həzin-həzin,yanardın
Elə bil ki,Daşkənddəsən,sanardın
Dəsti-xətlə el-obanı anardın
Göyçə-Qarabağı gör kimlər aldı
Vücudum od tutub,dünyam qaraldı

Göyçəmizin qucağından gəmisən
Cənnətin bir bucağından gəlmisən
Seyid Bayram ocağından gəmisən
Maral gələn Pirin,ocağın qaldı
Vücudum od tutub,dünyam qaraldı

Saz ustası,söz sərrafı,ziyalı
Bu nəsildə Şah İsmayıl kamalı
Babanın üzünün nuru-camalı
Kimə görsəndisə,səbəbin saldı
Vücudum od tutub,dünyam qaraldı

Aylar keçər,il dolanar,gün gələr
Şair olan çox çətin ki,dincələr
Gəldi başımıza,gəldi gör nələr
Əcəl biraz vaxtsız təbilini çaldı
Vücudum od tutub,dünyam qaraldı

Bayram şer yazdı bu Şəxsiyyətə
Şairlər itkidi xalqa-millətə
Alqayıt,layiqsən,ada-hörmətə
Eloğlu şeriyyat sənsizmi qaldı?
Vücudum od tutub,dünyam qaraldı.

Sən də inan

Bir çiçəyə vurulmuşam,
Həsrətindən mənəm yanan,
Göz yaşıtək durulmuşam,
Mən inandım sən də inan.

Şeh düşübdür çiçəyinə,
Titrək lalə ləçəyinə,
Məhəbbətin gerçəyinə,
Mən inandım sən də inan.

Bu sevdada eşqim təmiz,
Ağ ləpəli coşan dəniz.
Qara gözlüm bir ağbəniz,
Mən inandım, sən də inan.

Soruşma gəl haralıyam,
Vurulmuşam, yaralıyam.
Elə bil ki, havalıyam,
Mən inandım, sən də inan.

Tale mənə verdiyinə,
Qismətimə gəldiyinə,
O da məni sevdiyinə,
Mən inandım, sən də inan!

Novruz bayramı

Torpaqları getmiş ulu millətin,
Üzləri gülməyi çətindir-çətin.
Bahar töhvəsidir xoş təbiətin,
Səbr daşır-tükənir, düşünür hamı,
Qədəmin mübarək, Novruz bayramı.

Günlər yasa batıb, illər ağlayır,
Çəmən ahu-zarda, güllər ağlayır.
Vətən dərdi sinələri dağlayır,
Ruhlar Qarabağda yandırır şamı,
Qədəmin mübarək, Novruz bayramı.

Könlüm arzularla doludur-dolu,
Bizə qismət oldu bu həyat yolu.
Gecələr gəzdiyim gözü yumulu,
Dağımda-daşımda gəzir haramı,
Qədəmin mübarək, Novruz bayramı.

Vətən dərdi babaları haqladı,
Ömür sarayımız uçdu-laxladı,
Nərgiz-bənövşəni kimlər qoxladı?
Qaynar bulaqlardan doldurub camı,
Qədəmin mübarək, Novruz bayramı.

Vuruldu Vətənə sağalmaz yara,
Nə qədər qaçsan da. Getsən də hara.
Bir son qoyularmı bu intizara?
Çevirdi zindana azad dünyamı,
Qədəmin mübarək, Novruz bayramı.

Göyçə-Qarabağa çovğun, qar gəlib,
Zimistan keçibdir,növ-bahar gəlib.
Hələ ki, Bayrama, dünya dar gəlib,
Gün gələr Vətənə qayıdar hamı,
Qədəmin mübarək, Novruz bayramı.

Vətəndir-vətən
Ağlımın kəsəri gözümün nuru
Qolumun qüvvəti vətəndir-vətən
Dağların zirvəsi qartal qüruru
Şerimin hikməti vətəndir-vətən

O sal qayalarda kəkliyin səsi
Durna bulaqların həzin nəğməsi
Bizə bəxş olunmuş tanrı töhvəsi
Xalqımın cürəti vətəndir vətən

Nərə çəkən igidlərin oylağı
Ataların-babaların yaylağı
Babam əmanəti anam torpağı
Xeyir-bərəkəti vətəndir-vətən

Müqəddəs məkandır sözün-söhbətin
Azəri yurdunun xalqın-xilqətin
Vətən oğulları ulu millətin
Namusu-qeyrəti vətəndir-vətən

Vətənsiz qırılar qolun-qanadın
Ayaqlayar səni düşmənin-yadın
Bayram göylərdədir səsin-fəryadın
Elin şan-şöhrəti vətəndir-vətən

Ağla Sazım ağla

Baxıram sayrışan ulduza-aya
Uçuram qəmimlə dərdlə öndəyəm
Baxışlar əriyir qərq olur suya
Ağla sazım ağla yaman gündəyəm

Qalıb köynəyində sədəfli sazı
Yunisin müseyibin səsi-avazı
Göyçəsiz neynirəm baharı-yazı
Ağla sazım ağla yaman gündəyəm

Hərdən o dağları aşmaq istərəm
Üzü kəndə sarı qaçmaq istərəm
Hayqırıb qolumu açmaq istərəm
Ağla sazım ağla yaman gündəyəm

Vətənsiz el-oba de kimə gərək
Həsrətin çəkdiyim dağlarda çiçək
Yolumu gözləyir bu da bir gerçək
Ağla sazım ağla yaman gündəyəm

Şeirlər qoşulur təm-təraqiylə
Neynəyə bilərsən ağ varaqiylə
Bayram göyçəlini gəl soraq eylə
Ağla sazım ağla yaman gündəyəm