Zübeyit Tağıyev - fizika-riyaziyyat elmləri doktoru, professor.
Tağıyev Zübeyit Haqverdi oğlu 20 avqust 1945-ci ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunun Cil kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbi bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Oxuduğu müddətdə 1964-cü ildən 1967-ci ilə kimi Moskva şəhərində Sovet ordusu sıralarında hərbi qulluqda olmuşdur. 1968-1970-ci illərdə yenidən ADU-da təhsilini davam etdirmişdir. Zübeyit Tağıyev 1970-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinə köçürülmüşdür.
1972-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. O, həmin ildə Moskva Dövlət Universitetində aspiranturaya daxil olmuş, 1975-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək namizədlik dissertasiyasını müdafiə etmişdir. Aparılan elmi tədqiqat işlərinin nəticəsi kimi 1992-ci ildə lazer fizikası sahəsində "Kristallarda qeyri-xətti optik tezlik çevrilməsi zamanı faza effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Beləliklə, çoxillik elmi axtarışların nəticəsində fizikanın yeni bölməsi olan "Kvant elektronikası” sahəsində əhəmiyyətli sayıla bilən nəticələr əldə edilmişdir. Alınan nəticələrin müəyyən hissəsi iki fundamental monoqrafiyaya daxil edilmiş və həmin monoqrafiyalar xaricdə də dərc olunmuşdur.
Elmi işlərin nəticəsinə görə Zübeyit Tağıyev 1993-cü ildə Beynəlxalq elmi fondun mükafatına layiq görülmüşdür. 1995-ci ildə isə Nyu-York Elmlər Akademiyasına üzv seçilmişdir. O, 1974-cü ildə Moskva Dövlət Universitetində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1976-cı ildən Bakı Dövlət Universitetinin fizika fakültəsində assistent, 1981-ci ildən baş müəllim, 1986-cı ildən dosent və 1993-cü ilin mart ayından professor vəzifəsində çalışmışdır.
Professor Zübeyit Tağıyev 1993-cü ilin iyul ayından N.Nərimanov adına ATU-nun tibb və bioloji fizika ilə informatika və hesablama texnikası kursu kafedrasında professor vəzifəsində işləmiş və həmin ilin noyabr ayından isə elmi şuranın qərarı ilə kafedra müdiri vəzifəsinə seçilmişdir.
Zübeyit Tağıyev pedaqoji fəaliyyəti zamanı iki dəfə Moskva Dövlət Universitetində ali məktəb müəllimlərinin ixtisası artırma fakültəsinin dinləyicisi olmuşdur. O, pedaqoji fəaliyyəti ilə yanaşı elmi kadrların hazırlanmasında da fəal iştirak edir. Onun rəhbərliyi ilə namizədlik dissertasiyaları yerinə yetirilir.
Professor Zübeyit Tağıyev bir sıra beynəlxalq və ümumittifaq elmi konfranslarda iştirak etmişdir. O, 50-dən çox elmi məqalənin müəllifidir.
Son dərəcə səmimi və təbii bir insandır.
Ailəsi
Həyat yoldaşı İmanverdiyeva İradə Əhməd qızı 1957-ci ildə anadan olub. Elmlər namizədi İradə xanım N.Nərimanov adına ATU-nun II mama-ginekologiya kafedrasının assistentidir. Övladları Tağıyeva Kəmalə 1987-ci ildə, Tağıyeva Vüsalə isə 1995-ci ildə anadan olublar.